Dünya 17:01 11.06.2023

Şoyqu ilə Priqojin arasında növbəti gərginlik: "Vaqner" nazirin əmrinə tabe olmayacaq

"Şoyqunun tərtib etdiyi o əmr və fərmanlar Müdafiə Nazirliyinin əməkdaşlarına və hərbi qulluqçulara şamil edilir. "Vaqner" özəl hərbi şirkət Şoyqu ilə heç bir müqavilə bağlamayacaq". 

Qaynarinfo xəbər verir ki, bunu "Vaqner" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun bütün "könüllü dəstə”lərin Müdafiə Nazirliyi ilə iyul ayının 1-dək müqavilə bağlamalı olduğuna dair əmrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, "Vaqner" ümumi sistemə rahat şəkildə inteqrasiya olunub və öz hərəkətlərini generallar və komandirlərlə əlaqələndirir. O qeyd edib ki, hərbi şirkəti ən böyük təcrübəyə malikdir və yüksək effektiv strukturdur. 

"Təəssüf ki, əksər hərbi hissələrin belə səmərəliliyi yoxdur və məhz ona görə ki, Şoyqu hərbi birləşmələri normal idarə edə bilmir. Bu səbəbdən də onun fərman və ya sərəncam yazması sırf Müdafiə Nazirliyinə və Müdafiə Nazirliyinin tərkibində olanlara aiddir. Bu əmrdən sonra nə baş verə bilər - bizə silah-sursat verilməyəcək - biz bunu anlayacağıq, necə deyərlər, ildırım gurlayanda qaçıb gəlib "kömək" xahişi ilə silah-sursat gətirəcəklər”, deyə Priqojin bildirib. 

"Vaqner"in sahibi vurğulayıb ki, şirkət tamamilə Rusiya Federasiyasının və ali baş komandanın maraqlarına tabedir. 

"Ərazidə Gerasimov və Şoyqunun əmrlərinə əsasən, "Vaqner” bütün hərəkətlərini əlaqələndirir və ordu generalı Surovikinin qoyduğu tapşırıqları yerinə yetirir. Surovikin ağıllı, səriştəli və təcrübəli komandir olduğu üçün "Vaqner" özəl hərbi şirkətinin onunla birlikdə hazırladığı və onun adından yerinə yetirdiyi vəzifələr yüksək effektivlik və müvəffəqiyyət nümayiş etdirir", deyə rusiyalı iş adamı yekunlaşdırıb.

Xatırladaq ki, daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu əmr imzalayıb və əmrə əsasən bütün "könüllü dəstələr”, o cümlədən özəl hərbi şirkətlər 1 iyuladık Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdırlar. Sənəddə deyilir ki, bu, "könüllü birləşmələrə lazımi hüquqi status verəcək, hərtərəfli dəstəyin təşkili və onların vəzifələrinin yerinə yetirilməsi üçün vahid yanaşmalar yaradacaq.”

Nizami Bağırov