Xəbər lenti

Parisin “binokl diplomatiyası” iflasa uğrayıb (ŞƏRH)
Siyasət 21:29 30.10.2024

Parisin “binokl diplomatiyası” iflasa uğrayıb (ŞƏRH)

"Belə hərəkətlərdə məqsəd Azərbaycana qarşı psixoloji savaş elementlərindən istifadə etməklə, vəziyyətin gərginləşməsinə nail olmaqdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanın Azərbaycanla sərhədində Avropa İttifaqının müşahidə missiyası həyata keçirən qrupun tərkibində hərəkət edən fransalı nümayəndələrin avtomobilində Fransa bayrağının dalğalanmasını şərh edərkən deyib.

"Aİ-nin Ermənistan ərazisində yerləşdirilən mülki müşahidə missiyasının Ermənistan Azərbaycan şərti dövlət sərhədi istiqamətində "binokl diplomatiyası" adını almış baxışları hesab etmirəm ki, Bakıya qarşı Fransa başda olmaqla qurumun kəşfiyyat məlumatları əldə etməsinə hesablanmış addımdır", deyə Taleh Əliyev bildirib.
 
Həmsöhbətimizin fikrincə, fransız missiyasının bu hərəkəti daha çox Paris tərəfindən Azərbaycana qarşı edilən psixoloji savaş elementidir:

"Bu savaşın arxasında da Ermənistan deyil, birbaşa Parisin özü dayanır. Məqsəd Azərbaycana qarşı psixoloji savaş elementlərindən istifadə etməklə vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq təxribat xarakterli hərəkətlərə rəvac verməkdir".
 


Politoloq hesab edir ki, Azərbaycan tərəfi məsələ ilə bağlı doğru nəticə çıxararaq, Ermənistan, həm də Fransa başda olmaqla Aİ-nin mülki müşahidə missiyasının pozuculuq fəaliyyətini beynəlxalq aləmdə ifşa edəcək:

"Parisin bölgədə sülh və sabitliyə deyil, yenidən gərginliyin artmasına hesablanmış addımlarını Bakı darmadağın edəcək".

Qeyd edək ki, oktyabrın əvvəlindən Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Dünən daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Maraqlıdır, əldə edilən kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçilər" Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. 
 


Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Görünən odur ki, Fransa artıq Aİ adı altında maskalanmağı da kənara ataraq, kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->