
Şəhərin müxtəlif yerlərində fərqli qiymətlər tətbiq edilir. Üstəlik bununla bağlı üzərində qiymətlə bağlı lövhələr də yoxdur. Söhbət paytaxt daxilində quraşdırılan parkomatlardan gedir.
Qaynar.info xəzərxəbər.com-a istinadən bildirir ki, sürücülərin narazılığına səbəb olan bu halların əsas səbəbini isə ekspertlər qanun boşluğu ilə izah edirlər.
Paytaxt daxilində quraşdırılan parkomatların tariflərinin arasındakı qiymət fərqi və tariflərin yüksək olması sürücüləri narahat edir. Belə ki, sürücülər avtomobili 1 saat park etmək üçün bəzi yerlərdə 50 qəpik, bəzi yerlərdə isə 1 manat ödəyirlər.
Bundan əlavə, əvvəllər bir çox parkomatların üzərində tariflər yazılırdı. İndi bu lövhələrə daha az rast gəlinir.
Ekspertlər bildirirlər ki, bu məsələdə başlıca problem pullu dayanacaqların hüquqi statusunu, tariflərini və iş rejimini tənzimləyən normativ hüquqi aktların olmamasıdır. Əgər hüquqi baza olsa və xarici ölkələrin təcrübələri öyrənilsə, bu cür problemlər yaşanmaz.
Parkomatlara nəzarət edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən isə bildirilir ki, qiymət lövhələri yeniləri ilə əvəzlənməsi üçün aparatlardan çıxarılıb. Tariflər arasındakı fərqə gəldikdə isə bu, zonalara görə müəyyənləşir və qiymətlərin azaldılması gündəmdə deyil.
Qaynar.info