"Paşinyanın eks-prezidentlərə debat təklifi gözlənilən parlament seçkilərilə əlaqədardır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın eks-prezidentləri debata dəvət etməsini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, Ermənistanda yay aylarında parlament seçkiləri olacaq:
"Paşinyan da bu amili nəzərə alaraq, cəmiyyətə nəyisə, hansısa bir uğuru təqdim etməlidir ki, növbəti dəfə hakimiyyətdə qalsın. Burada yeganə uğur da odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlər tənzimlənsin, sərhədlər açılsın. Paşinyan da təntənəli şəkildə xalqa münaqişənin bitdiyini, sülh gətirdiyini elan etsin. Lakin buna imkan vermirlər. Bu, siyasi mübarizədir. Çünki Ermənistanda seçicilərin rəyindən nəsə asılıdır".
Ekspert qeyd edib ki, Koçaryanın bu müstəvidə debat təklifini qəbul etməməsi onun zəifliyinin əlamətidir:
"Deməli, başa düşür ki, debatda onu qınayacaqlar. Törətdiyi cinayətləri təkrarən üzünə oxuyacaqlar. Ona görə də debatdan qaçır. Bilsəydi ki, görüşdə özü üçün nəsə qazanacaq, əlbəttə ki, debata gedərdi. Amma indi uduzacağını anladığından, ona görə də istəmir".
Politoloq Taleh Əliyev qeyd edir ki, Paşinyan rəqiblərini məğlub edib, azalan nüfuzunu yenidən bərpa edəcəyinə əmin olduğundan eks-prezidentləri debata dəvət edib:
"Paşinyan fərqindədir ki, II Qarabağ müharibəsində Ermənistanın məğlub olması ondan əvvəlki rəhbərlərin apardığı yanlış siyasətlə bağlı idi. Vaxtilə ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla da razılaşdırılmışdı ki, Qarabağda ermənilərə yüksək status verməklə münaqişə həll olunsun. Amma Ermənistanın keçmiş prezidentləri - Robert Koçaryan və Serj Sarkisyan bundan imtina etdilər. İmtina etmələrinin də səbəbi daşıdıqları xəstə dənizdən dənizə böyük Ermənistan ideologiyası ilə təklif olunan sülh variantının üst-üstə düşməməsi idi. Paşinyan yaxşı bilir ki, belə debatda rəqiblərini məğlub etməklə ölkədə azalan nüfuzunu yenidən bərpa edəcək və ictimaiyyətə hazırda baş verən problemlərin səbəbini də əvvəlki "Qarabağ klanı"nın yanlış siyasətinin nəticəsi olaraq təqdim edə biləcək. Bunu bildiyindən Koçaryan debatdan imtina edib. Digərlərinin cavab verməməsi də dolayısı ilə debatdan qaçmalarının əlamətidir".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin eks-prezidentlərini debata çağırıb. Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb: "Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bu gün mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Keçmiş prezidentlərlə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim nəşrimə etiraz edən prezidentlərin reaksiyasını səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Paşinyanın sosial şəbəkələrdə Qarabağ problemi ilə bağlı etirafi Ermıənistanın sabiq prezidentlərin arasında narazılıq yaradıb. Paşinyan sözügedən paylaşımda yazıb: "1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi davam edirdi. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün tətbiq edilib".
Onu da vurğulayaq ki, Robert Koçaryan bu debatdan imtina edib. Digər sabiqlər isə hələlik cavab verməyiblər.
Rüfət Sultan
Şərhlər