Siyasət 17:58 12.01.2023

“Paşinyan Vardanyana müharibə elan etdi” - Politoloq

"Vardanyanın açıqlaması onu göstərir ki, İrəvanla Xankəndi arasındakı qarşıdurma artıq pik həddə çatıb. Tərəflər bütün körpüləri yandırıblar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov qondarma rejimdə "dövlət naziri” postunu tutan Ruben Vardanyanın Ermənistan və Azərbaycan liderlərinin dünənki çıxışları fonunda özləri üçün yeganə mümkün seçimin mübarizə olduğu barədə sərsəm fikirlərinə münasibət bildirərkən deyib. Ekspert qeyd edib ki, Vardanyanın bu fikirləri onun artıq Paşinyana rəsmən müharibə elan etməsini işarədir:


 
"Paşinyanın dünən verdiyi bəyanat Vardanyanın təklənməsinə, onun Ermənistanla bağlı proseslərdən uzaqlaşdırılmasına istiqamətlənmişdi. Eyni zamanda, Paşinyan bu açıqlaması ilə Vardanyanı Rusiyanın qucağına atır. Bu barədə danışan tək Ruben Vardanyan deyil. Eyni zamanda, Ermənistanın özündə müxalif qüvvələr Paşinyanla İlham Əliyevin çıxışlarının sanki eyni mövzuda olduğu haqqında danışırlar. Onlar da hesab edir ki, Paşinyanla İlham Əliyev qondarma rejim barədə eyni cür düşünür və addımları eyni cür olacaq. 

Vardanyanın bu açıqlaması onun Paşinyana rəsmən müharibə elan etdiyini göstərir. Proses artıq başlayıb. Artıq qonradma rejimin Ermənistandan daha da uzaqlaşması prosesi gedir. Azərbaycanın apardığı diplomatik səylər nəticə verib. Ermənistan məqsədyönlü şəkildə qondarma rejimdən uzaqlaşır. Vardanyan bundan sonra öz məsələsini Rusiya ilə həll edəcək. Bu da onun məhz məqsədyönlü şəkildə Rusiyadan göndərildiyini təsdiq edir. Paşinyan da öz bəyanatı ilə Vardanyandan tamamilə imtina etdi”. 

Rüfət Sultan