Xəbər lenti

Paşinyana qarşı aksiya davam edir - Hadisələr nə ilə nəticələnəcək? (ŞƏRH)
Dünya 16:44 30.05.2024

Paşinyana qarşı aksiya davam edir - Hadisələr nə ilə nəticələnəcək? (ŞƏRH)

"Paşinyan kilsənin siyasətə qarışdığını deməklə, onun üzərinə həlledici hücuma hazırlaşır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanda cərəyan edən qarşıdurma fonunda prosesin davamı haqqında danışarkən deyib. 

Taleh Əliyevin sözlərinə görə, Ermənistanda yeni müxalifət hərəkatının başladığı mitinqlər seriyasının hələ bir müddətə qədər davam edəcəyi gözləniləndir:

"Yeni hərəkatın lideri qismində çıxış edən Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan ardıcıl olmayan, ziddiyyətli açıqlamaları onu göstərir ki, hərəkat erməni kilsəsi, habelə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan tərəfdarları tərəfindən müəyyən dərəcədə dəstəklənsə də, prosesdən ən çox zərər çəkənlər elə erməni kilsəsi və parlament müxalifətidir. Paşinyan Qalstanyanın başladığı siyasi mübarizənin gedişində bir dəfə də olsun, onun adını çəkməyib. Paşinyan əksinə, katalikos II Qarageni hədəf alaraq, başlanan etiraz prosesində məsul şəxs qismində daha çox onu görür. O, kilsənin siyasətə qarışdığını qeyd  edərək, onun üzərinə həlledici hücuma hazırlaşır. Ermənistan parlamentində də kilsənin mülkiyyəti, onun gəlirləri, vergi ödəməli olduğu ilə bağlı qanuvericiliyə baxış məsələləri müzakirə olunur". 
 


Ekspert deyir ki, Qalstanyanın başladığı hərəkatla mövcud müxalif status-kvonun dəyişdiyinin də şahidi oluruq:

"Bu hərəkat "Qarabağ klanı"nın son imkanlarının da əllərindən çıxmasına gətirib çıxara bilər". 

Politoloq qeyd edir ki, yenə də udan tərəf Paşinyan olacaq:

"Bütün hallarda başlanan hərəkat uğur qazana bilməyəcək. Prosesdən udan tərəf Paşinyan olacaq. O, keşişin başladığı hərəkatla kilsənin üzərində həlledici mübarizəyə qalxmaq üçün siyasi, hüquqi və mənəvi əsaslar əldə etdi. Digər tərəfdən, yeni siyasi qüvvənin meydana çıxması ilə keçmiş hakim klan "Qarabağ klanı"nın siyasi səhsədən sıxışdırılıb çıxarılması ilə ikinci qazanan şəxs elə Baqrat Qalstanyanın özü olacaq. Amma başlanan hərəkat Ermənistanda siyasi hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq".

Qeyd edək ki, Ermənistanda baş nazir Paşinyana qarşı başlanan hərəkat davam edir. Müxalifət sabaha növbəti mitinq təyin edib. Düzdür, keşiş Baqrat Qalstanyanın rəhbərliyilə başlanan etiraz aksiyası buna rəğmən demək olar ki, heç bir nəticəyə nail ola bilməyib. Paşinyan əvvəlki tək mövqeyini möhkəmlətməkdə davam edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->