Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana verdiyi vaxt bu gün başa çatır. Belə ki, müxalifətin baş nazir vəzifəsinə vahid namizəd göstərdiyi Vazgen Manukyan Paşinyanın 8 dekabr, saat 12-dək "könüllü” istefa verməyəcəyi halda, zorla hakimiyyətdən kənarlaşdırılacağını bəyan edib. Paşinyan isə hələlik istefa verməyib.
Müşahidəçilərin fikrincə, müxalifət böyük ehtimalla Paşinyanı hakimiyyətdən zorla kənarlaşdırmağa çalışacaq. Bu zaman isə İrəvanda defenestrasiya baş verə bilər. Defenestrasiya hadisəsi 600 il əvvəl baş versə də, siyasi ədəbiyyatda bu gün də işlənilir. Defenestrasiya siyasi rəqibini pəncərədən atma hadisəsinə deyilir. Paşinyanın da pəncərədən atılma ehtimalı çox böyükdür. Çünki Ermənistanın siyasi səhnəsində olanların böyük əksəriyyəti Paşinyandan qisas almaq istəyir.
Bununla belə, Ermənistanda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini təxmin etmək çətindir. Çünki Paşinyan hələ də hakimiyyətdə qalmaq üçün möhkəm dayaqlara sahibdir. Son rəy sorğularına görə, Ermənistan əhalisinin 30-35 faizi baş naziri dəstəkləyir. Həmçinin, parlamentdəki çoxluq da hakimiyyətin yanındadır. Digər tərəfdən isə inzibati resurslar üzərində qərarvermə səlahiyyəti olan Paşinyanı Qərb ölkələri də dəstəkləyir.
Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da Paşinyanın hakimiyyətdən getməyəcəyi fikrindədir:
"Mən əminəm ki, erməni müxalifəti Paşinyanı baş nazir kürsüsündən sala bilməyəcək - nə bu gün, nə sabah, nə də o biri gün. Hazırda o, Ermənistanda yeganə şəxsdir ki, ölkənin resurslarına çıxışa və bu resursların idarə edilməsi üçün sərəncam vermək imkanına malikdir. Üstəgəl, ABŞ onun üçün məhdudiyyətsiz bir kredit xətti açıb. Paşinyanın özü isə Birləşmiş Ştatların Yerevandakı səfirliyinin 1600 ”texniki işçisinin" - ABŞ dəniz piyadalarının ciddi mühafizəsi altındadır".
Kuznetsovun sözlərinə görə, Paşinyan bu gün həm Vaşinqtonu, həm də Moskvanı tam qane edir:
"Ona görə də Moskva və Vaşinqtondan Ermənistandakı daxili siyasi proseslərə radikal müdaxilə gözləməyə dəyməz. Ölkədəki mövcud daxili siyasi fırtına kontekstində Paşinyan baş nazir kimi praktik olaraq əbədidir. Nikol Paşinyan hələ də müxalifətin ən ”dəliqanlılarını" təcrid etmək üçün kifayət qədər gücə və qaynağa sahibdir. Yerdə qalan narazılar isə doyunca qışqır-bağır salandan sonra özləri sakitləşəcəklər" .
Ermənistandakı hadisələr Azərbaycanda da diqqətlə izlənilir və Paşinyanın hakimiyyətdən getməsini Azərbaycanın maraqlarına uyğun saymırlar. Səbəb kimi 10 noyabr tarixli bəyannaməsindən irəli gələn məsələlərin həll olunmamasını göstərirlər. Məsələn, əsirlərin dəyişdirilməsi, Mehri dəhlizi, yekun sülh müqaviləsi və s.
Politoloq Xaqani Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiya hakimiyyət dəyişikliyinə razılıq verməyəcəyi təqdirdə Paşinyan istefa verməyəcək:
"Paşinyan artıq leqitimliyini itirib, Ermənistanın siyasi dairələrində Paşinyanın siyasi gələcəyi barədə birmənalı fikir formalaşıb. Amma Belarus təcrübəsi göstərir ki, Rusiya hakimiyyəti dəyişmək istəməyəcəyi təqdirdə müxalifətin nəticə əldə etməsi çox çətin olur. Həm də Belarusdan fərqli olaraq erməni müxalifəti meydanlara daha az adam çıxarır”.
Xaqani Cəfərlinin sözlərinə görə, əgər Paşinyan hakimiyyətdən getsə, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatın tələblərini yerinə yetirilməsində müəyyən ləngimələr ola bilər.
Orxan Əhmədli