"Paşinyanın bu hərəkətinə Ermənistan cəmiyyəti də normal yanaşacaq, buna görə onu qınamayacaq. Çünki bu məsələnin Ermənistana hansısa bir mənfi təsiri yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli özünü demokrat kimi göstərən, küçədən, çevrilişlə hakimiyyətə gələn Ermənistan baş naziri Nikol Paşinyanın KTMT qüvvələri tərkibində digərləri kimi Qazaxıstana hərbçilərini göndərməsinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, Paşinyan hökumətinin bu hərəkəti təzadlıdır:
"Bu da əsasən ondan ibarətdir ki, Ermənistanın mövcud hakimiyyəti daha çox xalq etirazları nəticəsində qurulub. Qazaxıstanda da hələlik bu sayaq etirazların izi görünür. Düzdür, başqa amillərin olması da istisna deyil. Amma hər halda, xalq etirazına qarşı Paşinyanın Qazaxıstana qoşun göndərməklə sərgilədiyi yanaşma müəyyən qədər təzadlıdır”.
Həmsöhbətimiz düşünür ki, Paşinyan Rusiyadan çəkindiyindən buna gedib:
"Görünür, Paşinyan məcburiyyət qarşısında buna gedib. Fikrimcə, bu addımı atmasaydı, Rusiya tərəfindən ala biləcəyi zərbələri anlayıb. Ona görə də Paşinyanın Qazaxıstana KTMT qüvvələri çərçivəsində erməni hərbçilərini Qazaxıstana göndərməsi Moskvadan çəkinməsindən irəli gəlir və bu yolla onun könlünü xoş etmək istəyir”.
Amma politoloqa görə, Ermənistan baş nazirinin belə mövqeyi Qərb dairələrində müəyyən suallar doğuracaq:
"Amma hər halda KTMT üzvü kimi İrəvanın başqa cürə davrana bilmədiyini əsas gətirə bilər”.
Rüfət Sultan