"Pekin Qış Olimpiadasından sonra böyük müharibə təhlükəsi olmayacaq. Çünki böyük müharibə böyük təhlükələr də vəd edir. Ona görə düşünürəm ki, Olimpiadadan sonrakı dünya daha çox anlaşma kontekstində cərəyan edəcək. Ola bilsin sözügedən idman yarışından sonra Ukrayna istiqamətində lokal hərbi əməliyyatlar olsun. Amma o, ciddi hərbi-siyasi nəticələrə səbəb olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri startı verilən Pekin Qış Olimpiadası başa çatandan sonra, hazırda dünya miqyasında mövcud olan hərbi-siyasi gərginliyin artıb və yaxud azalacağı barədə sualı cavablandırarkən deyib.
Ekspertin fikrincə, Çində keçiriləcək Olimpiadadan sonra son zamanlar Ukrayna ətrafında yaşanan gərginlik fonunda vəziyyət heç də Rusiyanın xeyrinə olmayacaq:
"Çünki Rusiya aqressiyasına qarşı güclü siyasi iradə və konsolidasiya var. Bu da Rusiyaya müsbət mənada hər hansı bir perspektiv vəd etmir. Ukraynaya qarşı təcavüz baş versə, bu, Rusiya üçün böyük bədələ səbəb olacaq. Ona münasibətdə dərhal daha sərt iqtisadi sanksiyalar mexanizmi işə düşəcək. Putin və ona ən yaxın iş adamları və siyasilərin Qərbdəki aktivləri dondurulacaq. Beynəlxalq pul köçürülmə sistemindən Rusiyanın çıxarılması da baş verə bilər. Nəhayət, canlı itki və hərbi texnika baxımından Rusiya böyük itkilərlə üzləşəcək. Çünki Ukrayna ordusu son zamanlar ciddi şəkildə möhkəmlənib. Bu mənada Ukrayna Rusiya üçün ən böyük bataqlıq olacaq”.
Politoloq qeyd edir ki, Rusiya Kiyevə hücum edərsə, çoxsaylı muzdlu əsgərlər də kömək üçün Ukraynaya axışacaq:
"Müharibə tək Ukrayna Rusiya çərçivəsilə bitməyəcək. Əminəm ki, minlərlə muzdlu əsgər Ukraynaya axacaq və bu, Rusiya üçün uzun müddətli müharibəyə səbəb olacaq. Həmçinin, Rusiyanın dünya miqyasında ciddi dostları və güclər yoxdur. Moskva ilə yüksək səviyyədə əlaqə quran Türkiyə belə NATO Rusiyaya qarşı duracaqsa, o da şimal ayısına qarşı durmaq məcburiyyətində qalacaq. Bütün bunlar Rusiya əleyhinə işləyən faktorlardır”.
Rüfət Sultan