Aqşin Yenisey
Məsələ ondan başladı ki, IV əsrdə çinlilərə məğlub olan Hunlar və Göytürklərin böyük bir qismi Avropaya köç etdi və buranın yerli sakinləri olan, ari deyilən xalqları Şərqə qovdular. Hunlar Şərqi Avropada özlərinin güclü imperiyalarını qurdular ki, Romanı dağıtmasın deyə yalvarmağa gələn Papanı Hun imperatoru Atilla qırmancla döyərək yola salmışdı.
Bir xeyli elm adamı ari irqinin uydurma bir mif olduğunu söyləsə də, alman şərqşünas Fridrix Şlegel kimi bir çox orientalist filoloq sanskrit və Avropa dilləri arasında oxşarlıqlara əsaslanaraq belə bir irqin tarixin bir parçası olduğu düşüncəsindədirlər. Şlegel 1808-ci ildə nəşr etdirdiyi "Hind dili və Hind müdrikliyi” adlı əsərində sanskrit və fars dilinin yunan və alman dillərinə yaxın, semit dillərinə, Çin dilinə, Amerika və Afrika qitələrinin dillərinə uzaq olduğunu sübutlarla əsaslandırmışdı.
Hunların ari xalqlarını Şərqə qovmaları ilə yanaşı, digər tarixi versiyalar da mövcuddur ki, bunlardan biri də ari xalqlarının ana vətənlərinin Avropa deyil, Hindistan olmasıdır. Yəni bu xalqlar, guya, Hindistandan çıxaraq Avropaya və Himalayın şimalına (İran coğrafiyasına) yayılmışlar.
"İran” kəlməsi də coğrafi ərazi adı olub "Arian” sözünün farsca tələffüzünə uyğunlaşdırılmış versiyasıdır. Yalnız 1935-ci ildən sonra "İran” ərazi adı dövlət adı kimi hallandırılmağa, 1979-ci ildəki islam inqilabından sonra isə dövlətin rəsmi adı kimi qeyd olunmağa başlayıb. Ərəblərin sasaniləri tarixdən məhrum etdiyi 651-ci ildən etibarən bu coğrafiyada sülalə monarxizminə əsaslanan dövlətlər bir-birini əvəz etdi ki, onların da çoxu min illik bir zaman kəsiyində türkəsilli idilər.
II Dünya müharibəsi zamanı anqlo-sovet işğalına qarşı Hitlerdən dəstək almaq üçün fars millətçiləri "İran" kəlməsini dövlət adı kimi daha çox hallandırırdılar. Çünki Hitler bir ari irqçisi idi və İran adı ari irqinin varlığını yada salırdı. Farslar da ari irqçiliyi üzərindən almanların diqqətini çəkmək istəyirdilər. Hətta hər nə qədər açıq şəkildə irqçi, millətçi çıxışlardan yayınsa da, dövrünün alman şərqşünaslarının təsiri ilə Nitsşenin Zərdüştə sevgisini də bu ari irqçiliyinin məhsulu hesab etmək olar.
Ona görə ki, alman millətçiləri məhz Nitsşeni öz milli ideoloqları kimi görür və müqəddəsləşdirirdilər. Hitler onun "Zərdüşt belə buyurdu” kitabını müharibəyə göndərdiyi alman əsgər və zabitlərinə şəxsən özü hədiyyə edirdi.
Ari xalqlarının hunlar tərəfindən Şərqə qovulduqları versiyanı əsas götürsək (ki buna inanan elm adamları daha çoxdur), onda qəbul etməliyik ki, İrandan əvvəl bu coğrafiyada Turan vardı. Yəni "Avesta”nın və Firdovsinin dili ilə desək, Tur atanın oğullarının vətəni. Çünki Turan adı ilk dəfə "Avesta” kitabında çəkilir. Demək ki, "Avesta” yazıldığı dönəmlərdə bu coğrafiyada Hindistandan, ya da Avropadan gəlmiş, yaxud da Avropadan Hindistana, oradan Himalayın şimalına keçmiş arilərə problem olacaq türk tayfaları mövcud idi. "Avesta”nın yazılma tarixi isə qeyri-müəyyəndir. Yunan mənbələrində Zərdüşt peyğəmbərin Platondan altı min, Troya müharibəsindən isə beş min il öncə yaşadığı haqqında məlumatlar var. Bəzi mənbələr isə Zərdüştün Makedoniyalı İsgəndərdən 258 yaş böyük olduğunu iddia edirlər. Bütün hallarda Turan adının "Avesta”da keçməsi bu coğrafiyanın sahiblərinin kim olduğuna bir işarədir.
Sonrakı tarix çoxunun bildiyi kimidir. Çinlilərin casusluq fəaliyyəti nəticəsində Böyük Hun İmperiyası eynən Roma kimi Şərqi və Qərbi Hun imperiyaları olaraq ikiyə parçalandı və hunların bir qismi Qərbə doğru hərəkət edərək Türküstan bölgəsinə (Amudərya və Sırdərya çayları bölgəsi) doğru yayılmağa başladılar. Tədricən qərbə doğru genişlənən Ağ Hunlar 454-cü ildə (ərəblərdən iki əsr əvvəl) sasaniləri məğlub edərək Aral dənizinə doğru irəlilədilər. 470-ci ildə Ağ Hunlar Şimali Hindistandakı Qupta dövlətini dağıtdılar və 484-cü ildə Sasani hökmdarı Firuzun ölümü ilə Heratı tutdular. Bir sözlə, hunlar həm Hindistan, həm Mərkəzi Asiyada ari xalqlarının başağrısına çevrildilər.
Ağ Hunlar 502-ci ildə İran coğrafiyasına girdilər və onlara qarşı burada baş qaldıran üsyanı yatırdılar. Beləliklə, sasanilərin daxili işlərinə qarışmaq üçün kifayət qədər nüfuz qazandılar. 506-cı ildən başlayaraq Ağ Hunlar Aral dənizindən Şərqi Türküstana, Əfqanıstandan Tayqa meşələrinə qədər geniş bir ərazini idarə edirdilər.
Ermənilərlə farsların dostluğuna gəlincə, tarixi şərh etməyə çalışsaq, bu da bir ari iqrçiliyinin mirasıdır. Erməni adına ilk dəfə eramızdan əvvəl VI əsrə aid olan Persiya kralı Dara kitabələrində rast gəlinir. Ermənilər heç vaxt özlərinə "erməni" deməyiblər, onlar özlərini "hayk" adlandırıblar. Erməni adı sonradan ermənilərə qəbul etdirilib və bu ad əslində ermənilərin bu coğrafiyaya gəlməsindən əvvələ aiddir. Çünki eramızdan əvvəl III minilliyə aid Akkad mixi yazılarında Şərqi Anadolu bölgəsi "Armania" adlandırılırdı. Bu, o deməkdir ki, ermənilərin bu bölgəyə gəlişindən, təxminən, 1600 il əvvəl Şərqi Anadolu Bölgəsinin bir qismi "Ermənistan" adlanırdı. Persiya kralı Dara onun hakimiyyətinə sığınan və yəqin ki, ari xalqları ilə birlikdə Qərbdən gələn haylara "Ermənistan bölgəsinin sakinləri" mənasını verən "ermənilər" adını verdi. Yəni erməni adı Persiya şahı Daranın icadıdır. Baxmayaraq ki, ermənilər yerli xalq olduqlarını göstərmək üçün özlərini çox vaxt bu bölgədə yaşayan urartuların törəmələri hesab edirlər, bu da onların özünəməxsus uydurmasıdır. Çünki urartuların dili Asiya mənşəli olsa da, ermənilərin dili Hind-Avropa dillərindən biridir.
Yazımızın məqsədi tarixi düşmənlikləri ələk-vələk etmək olmasa da, görünən odur ki, tarix özü qaşınmayan yerdən qan çıxarmağı sevir. Dünyada heç bir yeni münaqişə yoxdur, münaqişə, müharibə varsa, demək ki, tarixi kökü var. Umberto Ekonun "Düşmən yaratmaq” essesində dediyi kimi, tarixdən dərs alan millətlər özlərinə düşmən yaratmağa məhkumdurlar. Ekoya görə, hər hansı bir xalq, toplum düşmən sahibi olmaqla öz kimliyini yaradır və qoruyur. Milli kimliklərimizin formalaşmasında həm də düşmənlərimizin rolu vardır və bəlkə də, öz rolumuzdan daha böyükdür. Düşmən, sadəcə, milli kimliyimizi tanımaq üçün bir ölçü deyil, həm də dəyərlər sistemimizin, milli narrativlərimizin gücünü bilmək, hər hansı bir problemlə üzləşərkən onu aşa bilib-bilməyəcəyimizi öyrənmək üçün önəmlidir. Düşmən bizə öz gücümüzü, milli potensialımızı qiymətləndirməkdən ötrü lazımdır. Eko iddia edir ki, hətta düşmənimiz olmasa belə, onu yaratmalıyıq. Düşməni olmayan xalq tarix səhnəsini çox tez tərk edir. Çünki səhnə konflikt meydandır. Konflikt yoxdursa, səhnədə nə işin var?
Böyük düşmənlər öz düşmənlərini də böyütdüyü kimi, kiçik düşmənlər də öz düşmənlərini kiçildirlər. Bədəvi ərəblər həm də ona görə Hindistandan Atlantik dənizinə qədər uzanan xilafət qura bildilər ki, Biznas və Sasani kimi böyük mədəniyyətlərdən düşmənçilik dərsi almışdılar.