Xəbər lenti

Peşə məktəblərinə niyə maraq azdır? - Ekspertlər izah edir
Ölkə07:40 09.09.2016

Peşə məktəblərinə niyə maraq azdır? - Ekspertlər izah edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son dövrlər üz tutduğumuz müxtəlif peşə sahibləri, sənətkarlar – təmir çilingərləri, elektriklər, dərzilər, bərbərlər tez-tez bizi məyus edir, işimizi yarıtmırlar. Səbəb də odur ki, onların əksəriyyəti öz peşələri üzrə müvafiq təhsil ocaqlarının-peşə məktəblərinin diplomunu almayıblar. Kimisi peşəsini bir neçə ay usta yanında “şəyird” kimi, kimisi də elə müştərilərin “başında” öyrənir. Bəs Azərbaycanda peşə məktəblərinə həvəs niyə azdır?

Sosioloq Rafiq Təmrazov Qaynarinfo.Az-a bunun səbəblərindən danışıb.

Ali məktəb diplomu-dəb kimi...

Sosioloq bildirib ki, azərbaycanlıların mentalitetində yer almış mənfiliklərdən biri də hamının öz övladı üçün hər şeyin ən yüksəyini, bahalısını əldə etmək istəməyidir:"Biz bunun bariz nümunəsini son vaxtlar həddindən artıq təmtəraqlı və israfçılıqla keçirilən xinayaxdı, nişan və sair kimi məclislərdə görürük. İş o yerə çatıb ki, uşağın 1-ci sinfə getməsini, universitetə qəbul olmasını toy məclisi kimi qeyd edirlər. O cümlədən peşə seçimi də yeknəsəqdir. İlk növbədə həkim, hüqüqşünas, o olmasa, müəllim, mühəndis, o da alınmasa polis və sair... Yəni valideynlər bütün hallarda övladlarını ali məktəblərə yerləşdirmək istəyirlər. Bəzən çox kasıb ailələr beş-altı il borc-xərc edib, övladlarının ödənişli ali məktəbdə oxumasını təmin edir. Amma heç kim maraqlanmır ki, həmin tələbə gələcəkdə cəmiyyətə fayda verməməklə yanaşı, özünün sosial-iqtisadi problemlərini həll edə biləcəkmi? Bəlkə həmin uşaq sadə bir peşəni seçsəydi, daha rahat yaşaya bilərdi? Görüntü xatirinə, qohum-qonşudan geri qalmamaq üçün bəzən valideynlər övladlarının gələcəyini məhv edirlər".

Rüşvət olan ölkə...

Sosioloq deyib ki, insanların peşə məktəblərinə üz tutmamalarının daha bir səbəbi də ölkəmizdəki vəziyyətlə bağlıdır:"Hamı düşünür ki, övladı bir neçə il zəhmət çəkib həkim və ya hüquqşünas olacaq – yaxşı yaşayacaq. Nəyin hesabına yaxşı yaşayacaq, qeyri leqal yolla qazanılan pullar hesabına. Axı həkimin, müəllimin və ya hüquqi sahədə çalışanların əmək haqları texniki iş görən ustanın, dərzinin, bərbərin, texinikin, çilingərin və s. aylıq qazancından yuxarı deyil. Deməli, ölkədə baş alıb gedən rüşvətxorluq prosesi bu mənfi tendensiyanın davam etməsini şərtləndirir. Rafiq Təmrazovun sözlərinə görə ölkədə daxili istehsalın olmaması, qeyri ərzaq məhsullarının demək olar ki, hamısının, ərzaq məhsullarının isə yarıdan çoxunun idxal edilməsi də peşə seçiminə təsir edir.

Peşə məktəblərinin formal olması...

Hələ sovet dövründə Azərbaycanda peşə məktəbləri formal təhsil strukturu idi. Tələbələr orada faktiki ixtisasları üzrə lazımı peşəyə yiyələnmirdilər və onlara normal dərslər də keçirilmirdi. Həmin şəxslər daha sonra əmək prosesində praktika sahəsində öz peşələrini öyrənirdilər. Nəticədə bu insanlar peşə təhsili olmayan insanlardan peşəkarlıqlarına görə fərqlənmirdilər. Bu da cəmiyyətdə normal olaraq peşə təhsilinə "barmaqarası baxış"ı formalaşdırırdı. Bu gün də peşə məktəblərimizdə olan təlim-tədris prosesi sovet dövrünün formaca yeni xarakterli nümunəsidir. Peşə məktəblərində oxuyan tələbələr əsasən məktəb rəhbərliyinin və müəllimlərin dost-tanışı və qohum əqrabasıdır. Orada normal dərslər keçirilmir, tələbələrdə peşəyə heç bir həvəs yaradılmır, çünki o müəllimlərin özləri də əslində formal müəllimdir. Onlar ixtisas bilicisi deyillər”.

Vəzifə “xəstə”ləri...

Psixoloq Dəyanət Rzayev də Qaynarinfo.Az-a Azərbaycanda peşə seçimi ilə bağlı anormal vəziyyətin hökm sürdüyünü deyib:"Bizim cəmiyyətdə maraqlı situasiya yaranıb: siz əgər bu gün evinizi təmir etdirirsinizsə, 10 usta dəyişməli olarsınız. Hec bir sahədə normal usta, yaxşı sənətkar tapmaq olmur. Hələ sovet dövründə də yaxşı ustalar Azərbaycanda yaşayan ruslar, ermənilər arasından çıxırdı. O dövrdə də azərbaycanlılar çalışırdılar gələcəkdə vəzifədə ola biləcəkləri peşələrdən yapışsınlar".

Psoxoloq deyib ki, indi dövr dəyişib, yaxşı ustalar, sənətkarlar sovet dönəmindəkindən qat-qat çox qazana bilirlər:"İndiki dövrdə sənətkarlara tələbat daha çoxdur. Mən yaxşı maşın ustası tanıyıram ki, onun növbəsinə düşmək olmur, gəliri də ən yaxşı həkiminkindən yuxarıdır. Amma valideynlər hələ də övladılarını həkim və hüquqşünas görmək istəyirlər. Bunun nəticəsində işsiz diplomlular “ordusu” yaranıb".

D.Rzayevin sözlərinə görə, sevdiyi peşə ilə məşğul olmamaq insanlarda nevroz yaradır:"Elə insan var ki, diplomu var, amma “ali təhsili” yoxdur, savadsızdır. O özünü seçdiyi peşədə necə təsdiq edə, necə hörmət qazana bilər? Əlbəttə ki, daima işində problemlər yaşayacaq, özünü kompleksli hiss edəcək. Amma insan bacardığı və sevdiyi peşə ilə məşğul olanda, sanki işləmir, dincəlir. Getdikçə şöhrət qazana bilir, istədiyi maddi imkanlara çata bilir və sairə.  
Bu vəziyyətin aradan qaldırılması üçün bu sahəyə dövlət diqqəti olmalıdır. Bu istiqamətdə proqram hazırlanmalı, peşə məktəblərinə xüsusi diqqət ayrılmalı, bu məktəblərdə təhsilin səviyyəsi yüksəldilməli və bu məktəblər reklam olunmalıdır".
    

Qızılgül

Qaynarinfo.Az