Xəbər lenti

PKK qurultayda özünü buraxacaqmı? (ŞƏRH)
Dünya 18:47 10.03.2025

PKK qurultayda özünü buraxacaqmı? (ŞƏRH)

"Burada oyun oynamaq üçün imkanlar çoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev PKK terror təşkilatının yaxın bir ay ərzində özünü buraxmaqla bağlı qurultay keçirəcəyi məsələsini şərh edərkən deyib.

"Bu kimi məsələlərdə dəfələrlə elə situasiyalar yaranıb ki, tərəflər razılıq əldə etməyə yaxın olub, şərait də ona imkan verib, ancaq yenə də alınmayıb. Hərbi qruplaşmalarla bu cür razılaşmalar olduqca çətindir. Onu qəbul etmək, xüsusən də razılaşmaya əməl etmək daha çətindir. Ona görə də PKK-ın keçirəcəyi qurultayla özünü buraxacağını birmənalı söyləmək mümkün deyil", deyə Arif Əliyev bildirib.
 


Həmsöhbətimiz qeyd edib ki, məsələnin iki tərəfi var:

"Birincisi, həmin qurultaya qədər baş verəcək hadisələrdən çox şey asılıdır. Hər hansı bir hadisə bütövlükdə ümumi mövqeyi döndərə bilər. İkincisi isə qərar qəbul olunandan sonra ona əməl etmək məsələsidir. Burada oyunlar üçün imkanlar çoxdur. Hansısa qruplaşma ona razı olmaya, verdiyi vədə əməl etməyə də bilər. Belə oyunları dəfələrlə təcrübədə görmüşük. Lakin ilkin şərtlər mövcuddur. Ona görə də müəyyən ümidlər var".

Qeyd edək ki, "Sabah" nəşrinin məlumatına görə, PKK terror təşkilatının yaxın bir ay ərzində qurultayı keçirəcək və burada onun özünü buraxacağı gözlənilir. Qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək. 

Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələr, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir. 

Xatırladaq ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına silahı yerə qoyaraq təslim olmaqla bağlı çağırış edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->