"Polis sisteminin hökumətlərdən deyil, xalqdan asılı olması mexanizmləri yaradılmalıdır".
Qaynarinfo xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Rəşad Həsənov çıxış edib. Onun fikrincə, bu mexanizmin yaradılması postpandemiya dövrü üçün ən vacib çağırışlardan hesab edilən demokratik sistemlərinin təkmilləşdirilməsi və gücləndirilməsi zərurətinin mühüm parametrlərindən biri olmalıdır:

"Təcrübə göstərir ki, "polis siyasətə qarışmır" prinsipi nəzəriyyədən və xəyaldan başqa bir şey deyil. Həm dünya, həm də yerli təcrübədən bunun həddindən artıq nümunələrini sadalamaq olar... Polisin siyasətə qarışması əksər hallarda cəmiyyətin öz hüquqlarını sivil formada arayışı prosesində ciddi əngəldir. Bunun nəticələrini tarixə Ərəb baharı adı ilə düşən proseslərdə, yaxud ABŞ-da Corc Floyd etirazlarında, Türkiyədə Gəzi Parkı etirazlarında və yaxud son illər bu ölkədə keçirilən bütün seçkilərdə Daxili İşlər nazirinin birbaşa iştirakında, Fransada Sarı jiletlilər hərəkatına qarşı atılan addımlarda özünü ən çılpaqlığı ilə görmək mümkündür. Yəni, əliyalın insanlar əksər hallarda sıfır təhsilli insanların və yaxud mövcud hökumətlərin əlaltısına çevrilən qərarvericilərin (daxili işlər sistemlərinə daxil) hərbi gücü və cəza alətləri ilə üz-üzə qalırlar".
İqtisadçi eksert bununla bağlı təkliflər irəli sürüb:
1. Daxili İşlər İdarəsinin mərhələli şəkildə seçkili instituta çevrilməsi və rəhbər vəzifələrin səsvermə əsasında formalaşması;
2. Bu qurumun maliyyələşdirilməsi parametrlərinin, o cümlədən əməkhaqqı səviyyəsinin xalq tərəfindən (parlament) müəyyən edilməsi.
Müvafiq mexanizmlər xalqla polis (daxili işlər strukturları) arasında uçurumun aradan qaldırmaqla cəmiyyətin inkişaf sürətini əhəmiyyətli səviyyədə tətikləyə bilər. Təbii ki, yuxarıda sadaladğım hər iki məsələnin bazasında normal və demokratik seçki institutu dayanır. Bununla belə əminəm ki, bu sahədə ənənəvi yanaşmadan imtinanın vaxtı çoxdan çatıb..."
Bahar Rüstəmli