Polşa prokurorları Rusiya prezidentinin dostu Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə bağlı Ukraynaya genişmiqyaslı müdaxilənin hazırlanmasında roluna görə təhqiqata başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat
yayıb.
KİV-in məlumatına görə, Polşa prokurorluğu Şröder tərəfindən cinayət törətməsi ehtimalı ilə bağlı xəbər alıb və araşdırmaya başlayıb, araşdırma hələ də davam edir. Araşdırma Milli Prokurorluğun mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə İdarəsinin Mazovetski şöbəsi tərəfindən aparılır.
"İstintaqın əldə etdiyi sənədlərə görə, alman siyasətçi Rusiyanın enerji sektorundakı mövqelərindən Aİ ölkələrinə və Ukraynaya daha çox təzyiq göstərmək üçün istifadə edə bilərdi”, - RMF FM yazır.
Həmçinin, müstəntiqlər Almaniyanın keçmiş kanslerinin Rusiyanın "işğalına hazırlaşmaqda” hansı rol oynadığını öyrənəcəklər, çünki müharibənin başlamasına baxmayaraq, "Şröder Kremldən uzaqlaşmayıb və Rusiyanın enerji şirkətlərində vəzifələr tutmağa davam edib”.
Qeyd edək ki, Şröder 1998-2005-ci illərdə kansler, 1999-2004-cü illərdə isə SPD-nin lideri olub. O, hökumət başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra uzun illər Rusiyanın enerji şirkətlərində çalışıb və hələ də Putinin dostu hesab olunur.
Şröder Putinlə müharibə başlayandan bir neçə həftə sonra və 2022-ci ilin iyulunda Moskvada görüşüb. Hər görüşdən sonra o, əmin edib ki, guya Moskva müharibəni bitirməkdə maraqlıdır.
Nizami Bağırov
Şərhlər