Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni mətbuat katibi təyin edilib.
Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib.
Orxan Səttarov 1988-ci ildə Bakı şəhərində anadan olub. 2004-2005-ci tədris ilində ali məktəblərə daxil olmuş və Azərbaycan Respublikası Prezidentinin
təqaüdünə layiq görülmüş tələbələrin arasındadır. Bakı Dövlət Universitetini «sosiologiya» ixtisası üzrə bakalavriat və «siyasətin sosiologiyası» ixtisası üzrə magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib.
Daha sonra o, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsilini Almaniyada davam etdirərək Berlin Azad Universitetində politologiya sahəsində elmi dissertasiya müdafiə edib. Prezident Administrasiyasına keçməzdən əvvəl uzun müddət jurnalistika və PR-konsaltinq sahəsində, həmçinin Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. İngilis, alman və rus dillərini sərbəst bilir.
Qeyd edək ki, Orxan Səttarov 2019-cu ildən Prezident Administrasiyasında çalışır. O, Birinci vitse-prezidentin katibliyində fəaliyyət göstərib, daha sonra Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsində çalışıb. Son təyinata qədər isə o, həmin şöbənin müdir müavini vəzifəsini icra edib.
Şərhlər