Dünya 12:00 12.05.2023

Priqojin Şoyquya açıq məktub yazıb Baxmuta çağırdı: “Gəl, öz gözlərinlə gör”

"Vaqner"in lideri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə münaqişəni yenidən kəskinləşdirir. Bu dəfə o, gözlənilmədən Müdafiə Nazirliyinin rəisini ağır döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərinə dəvət edib.

Qaynarinfo Priqojinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, "Vaqner" lideri Şoyqunu açıq şəkildə Baxmuta dəvət edərək, Ukrayna əsgərlərinin Rusiya Silahlı Qüvvələrinin bölmələrinin məsuliyyət daşıdığı cinahları yardığını bildirib.

"Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi "Vaqner" PMC-nin cinahlarında düşmən bir sıra uğurlu əks-hücumlar həyata keçirib. Çətin əməliyyat vəziyyətini, eləcə də döyüş əməliyyatlarında çoxillik təcrübənizi nəzərə alaraq, gəlməyinizi xahiş edirəm. Mövcud vəziyyəti müstəqil qiymətləndirmək üçün Baxmuta gəlməyinizi istəyirəm", deyə Priqojin Şoyquya ünvanladığı açıq məktubda bildirib.

Dünən "Vaqner"in lideri Priqojin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı "tam sürətlə gedir”. Baxmut istiqamətində isə vəziyyət işğalçılar üçün daha da mürəkkəbləşir.

"Əks-hücum tam sürətlə davam edir. Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri cinahlara keçir. Təəssüf ki, bəzi yerlərdə uğur qazanırlar", detə Priqojin bildirib.

Onun sözlərinə görə, "Vaqner” Baxmutu tamamilə ələ keçirmək üçün ona təzyiq etməkdə davam edir. Priqojin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri artıq əks-hücum planını həyata keçirir.

Eyni zamanda, Ukrayna əks-hücumun başlandığını rəsmən təsdiqləmir. Bundan əvvəl prezident Volodimir Zelenski Ukraynanın niyə hələ də əks-hücum hərəkətlərinə başlamadığını izah edib. Zelenskinin sözlərinə görə, bunun üçün Ukrayna ordusuna daha çox vaxt lazımdır, o cümlədən tərəfdaşların vəd etdiyi hərbi yardımı almaq.

Alpər