"Putin Müdafiə Nazirliyinin rəhbərliyini dəyişməli olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Üzeyir Cəfərov Moskvanın bu gün səhər yenidən PUA hücumuna məruz qalmasını şərh edərkən deyib:
"Səhər saatlarında Moskvaya endirilən zərbələr Rusiyanın Odessaya endirdiyi zərbəyə cavab idi. Odessaya hücum fonunda Ukrayna prezidenti Volodimir Zelenski onun cavabsız qalmayacağını demişdi. Moskvaya PUA hücumu bir daha göstərdi ki, Rusiyanın paytaxtı etibarlı müdafiə olunmur. Kremlə dron hücumu, Priqojinin öz dəstəsilə paytaxta doğru hərəkəti və indiki hadisə onu deməyə əsas verir ki, Rusiya silahlı qüvvələri, hava hücumundan müdafiə sistemləri, bu ölkənin ordusu düşündüyümüzdən də qat-qat zəif durumdadır.
Moskvaya dron hücumu ciddi hadisədir. Kremlə edilən dron hücumundan üzü bəri Moskvanın müdafiəsinin gücləndirilib başa çatdırılmaması fonunda ola bilsin ki, Putin Müdafiə Nazirliyinin rəhbərliyini dəyişməklə bağlı qərar verməli olacaq. Yaranmış vəziyyətdə fikrimcə, Rusiya Müdafiə Nazirliyi tez bir zamanda rəhbərlikdə dəyişiklik aparmaq məcburiyyətində qalacaq. Çünki baş verən hadisə ölkənin imicinə vurulan böyük zərbədir. Ona görə də Rusiya baş verənlər fonunda ciddi narahatlıq keçirir”.
Qeyd edək ki, bazar ertəsi səhər Rusiyanın paytaxtı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Bildirildiyinə görə, hədəf Müdafiə Nazirliyi olub.
Rüfət Sultan