Xəbər lenti

Putin Zelenski ilə danışıqlara hazıram dedi, ilk dəfə nəvəsindən danışdı…
Dünya 11:23 19.06.2025

Putin Zelenski ilə danışıqlara hazıram dedi, ilk dəfə nəvəsindən danışdı…

Vladimir Putin bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə hazırdır. Lakin o, Zelenskinin legitimliyinə şübhə etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

"Görüşməyə hazırıq... Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə hazıram... Əgər Ukrayna dövləti danışıqları aparmaq üçün kiməsə etibar edirsə, buyursun, qoy bu, Zelenski olsun”, deyə Putin jurnalistlərlə söhbətində qeyd edib.

Putinin sözlərinə görə, əsas məsələ sənədləri kimin imzalayacağıdır. O, bir daha Zelenskini guya "qeyri-legitim” adlandırıb.

Bundan əlavə, Putin əgər Kiyev Moskva ilə razılığa gəlməkdən imtina edərsə, Ukrayna üçün vəziyyətin "daha da pisləşəcəyi” ilə hədələyib.

"Əgər danışıqlar aparmasalar – vəziyyət, bəlkə də, onlar üçün daha da dəyişəcək və pis olacaq. Vaxt itirmək lazım deyil. Oturub danışıqlar aparmaq lazımdır”,  deyə Kremlin rəhbəri bildirib.

Putin həmçinin iddia edib ki, Rusiya Ukraynada döyüş əməliyyatlarını başa çatdırmağa çalışır. O, əlavə edib ki, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların yeni raundu iyunun 22-dən sonra baş tuta bilər.

ABŞ prezidenti Donald Tramp isə daha əvvəl bəyan etmişdi ki, Rusiya və Ukraynanın davranışı onu "çox məyus edib”. Onun sözlərinə görə, tərəflər artıq razılığa gələ bilərdilər, lakin müharibəni davam etdirmək qərarına gəliblər.

Tramp eyni zamanda Rusiya və Ukrayna tərəflərinin müharibədə çox böyük itkilər verdiyini bir daha xatırladıb. O, ABŞ-ın bu münaqişəni nizamlaya biləcəyinə əmin olduğunu bildirib.

Putinin dünya informasiya agentliklərinin nümayəndələri ilə görüşündəki bəyanatlarından əsas məqamlar bunlardır:

- Rusiya ağır helikopterlər sahəsində mütləq liderdir, onlardan BMT belə istifadə edir;
- Rusiya və Çin bu il birgə hərbi təlimlər keçirəcək;
- Putin Trampın fikri ilə razıdır: əgər Tramp əvvəlki müddətdə ABŞ prezidenti olsaydı, "xüsusi əməliyyat” (Ukraynaya qarşı müharibə) başlamazdı;
- Rusiya prezidenti Trampın ABŞ-Rusiya münasibətlərini müxtəlif sahələrdə bərpa etmək niyyətinə böyük hörmətlə yanaşdığını bildirib;
- Putin Zelenski ilə görüşməyə hazır olduğunu deyib, lakin onun hüquqi legitimliyi məsələsini önə çəkib;
- Rusiya və Ukrayna nümayəndələri 22 iyundan sonra danışıqlara başlamağa hazırdır;
- Putin bəyan edib ki, əgər Fridrix Merz əlaqə saxlamaq istəsə, onunla təmasa açıqdır;
- Rusiya İran ətrafındakı vəziyyətlə bağlı İsrailin baş naziri və Tramp ilə əlaqə saxlayır;
- Putin bildirib ki, İranın yeraltı zavodları hələ də mövcuddur və onlara heç nə olmayıb;
- Putin vurğulayıb ki, İran ətrafındakı böhranla bağlı "mümkün çıxış yolu” təklif edib, lakin qərar Tehranın və Təl-Əvivin ixtiyarındadır;
- O, Almaniyanın Ukrayna məsələsində ABŞ-dan daha yaxşı vasitəçi ola biləcəyinə şübhə etdiyini bildirib, çünki "vasitəçi neytral olmalıdır”;
- Putin ilk dəfə olaraq nəvəsinin olduğunu etiraf edib – onun sözlərinə görə, qız nəvəsi sərbəst şəkildə çincə danışır;
- Rusiya ticarət müharibələrinə və məhdudiyyətlərə qarşıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->