"Putinin varisi, sağ qalmış rəqibi və təqaüdə çıxmaq planı yoxdur. Buna görə də onun mümkün ölümü hakimiyyət uğrunda amansız mübarizəyə səbəb olacaq”.
Qaynarinfo ABŞ Hərbi Akademiyası West Point-da Rusiya siyasətinin tədqiqatçısı, ordu, Pentaqon, ABŞ dövlət qurumları üçün Rusiya məsələləri üzrə məsləhətçisi Robert Personun yazısını
təqdim edir.
Rusiya diktatoru Vladimir Putin haqqında əminliklə iki şeyi demək olar.
Birincisi, o, 2024-cü il martın 15-dən 17-dək keçiriləcək saxta seçkidə böyük səs fərqi ilə yenidən prezident seçiləcək.
İkincisi, o, ölməz deyil. Bir gün öləcək və çox güman ki, o, könüllü olaraq vəzifəsindən getməyəcək və öz postunda öləcək. Və o günün nə vaxt gələcəyini bilməsək də, dünya Putinin ölümünün ertəsi gün başlayacaq hakimiyyət uğrunda mübarizə haqqında düşünməlidir.
2000-ci ildə prezident seçiləndən bəri Putin qələbəsini təmin etmək üçün seçkilərin saxtalaşdırılması mexanizmini təkmilləşdirir. Seçicilərin pulla alınması, səslərin səhv hesablanması, əvvəlcədən doldurulmuş bülletenlərin paylanması, seçki qutularına müdaxilə, seçicilərə nəzarət və hədə-qorxu və bülletenlərin topa-topa atılması Putinin agentlərinin müsbət nəticə əldə etmək üçün istifadə etdiyi üsullardır.
O, həmçinin siyasi rəqiblərini həbsə atıb, digərlərini ölkədən qovub və ya ədalətli seçkilərdə ona meydan oxumaq imkanından məhrum edib. Ən ekstremal hallarda onun Boris Nemtsov kimi müxalifətçilərin qətlində və son olaraq Aleksey Navalnının həbsxanada ölümündə əli var. Bu seçkidə heç bir sürpriz olmayacaq: Putinin qələbəsi onun Rusiya siyasətini dəmir yumruqlarla idarə etdiyini təsdiq edəcək.
Mən, bu 25 il ərzində Putin rejimini tədqiq edən bir Rusiya siyasəti və xarici siyasəti alimi kimi onun Rusiyada repressiv Sovet İttifaqı ilə həm qəddarlıqda, həm də korrupsiyada bəhsə girən diktatura qurmasını müşahidə etmişəm.
Amma gülməlisi odur ki, Putin son 24 ildə öz ətrafında qurduğu siyasi sistemin əsiridir. Bir çox diktatorlar kimi o, istəsə belə, hakimiyyəti tərk edib sakitcə istefa verə bilməz. O, dövlət məmuru olduğu müddətdə topladığı heyrətamiz sərvət və gücə həddən artıq bağlıdır və ondan asılıdır.
Təhdidlərdən müdafiə
Amma Putin saraylarını və yaxtalarını saxlamağı bacarsa belə, təqaüdə çıxanda təhlükəsizliyə heç bir zəmanət olmayacaq.
Putin hakimiyyətdən əl çəksə, onun ardınca onun varisi gələ bilər. Nə qədər ki, Putin sağdır onun şəxsi nüfuzu, xarizması və təsiri varisi üçün təhlükə olacaq və o, növbəti hökmdar üçün şirnikləndirici hədəf olacaq. Putin bunu bilir.
Əksər diktatorların öz varisinin adını belə çəkməməsinin başqa bir səbəbi odur ki, diktator istefaya getməzdən və ya ölməzdən əvvəl kəskin hakimiyyət mübarizəsinə səbəb ola bilər. Təsəvvür edin, əgər Putin öz varisini seçsə həmin şəxs dərhal uğursuz namizədlərin hədəfinə çevriləcək.
Hətta Putinin yaxın ətrafı arasında da kəskin rəqabət var. Putin adətən bu mübarizəni nəzarətdə saxlamağı bacarır, lakin 2023-cü ildə "Vaqner” lideri Yevgeni Priqojinin Müdafiə Nazirliyinə qarşı üsyanı bu rəqabətin nə qədər ölümcül ola biləcəyini göstərir. Priqojin 2023-cü ilin avqustunda təyyarə qəzasında dünyasını dəyişib, bunun əsl səbəbi heç vaxt məlum olmaya bilər, lakin Putinin iştirakı geniş şəkildə müzakirə edilir.
Putini dəstəkləyən zəngin insayderlərin – onun oliqarxlarının arxasında bir rəqibin hakimiyyəti ələ keçirməsi halında öz gücünü, sərvətini və bəlkə də azadlıqlarını itirə biləcək dərin korrupsioner dostlar şəbəkəsi dayanır. Nə vaxt olursa-olsun, Putinin gedişi qanlı hakimiyyət mübarizəsinə səbəb ola bilər, amma niyə o, öz varisini vaxtından əvvəl təyin etməklə riskə getsin ki?
Başqaları üzərində hakimiyyət
Çətin ki, Putinin hansısa saray çevrilişi nəticəsində aradan görütülməsi mümkün olsun. Onun Rusiya xüsusi xidmət orqanlarına nəzarəti ona rəqibləri darmadağın etməyə və medianı, məhkəmə sistemini, regional liderləri, Dövlət Dumasını və ictimai birlikləri idarə etməyə imkan verdi. Həm də rejiminin daxilində və xaricində potensial müxalifət xadimlərinin təhdidlərini yaxından izlədi və bir tədqiqatçının dediyi kimi rejimi "dövlət çevrilişindən qorunan" etdi.
Ən azı hazırkı zaman üçün Anti-Qərb rus millətçiliyini inkişaf etdirmək ona hərbçilərin və əhalinin sədaqətini qazandırdı.
Putin həmçinin Rusiyanın təbii sərvətləri üzərindəki nəzarətindən istifadə edərək, Rusiya oliqarxlarını itaətdə saxlayır. Oliqarxlardan hansının Rusiyanın böyük dövlət neft, qaz, mineral və sənaye istehsalçılarına rəhbərlik edəcəyinə qərar verir. Nə qədər ki, onlar Putinə sadiq qalıb, onun siyasi və iqtisadi direktivlərini dəstəkləyirlər, bu oliqarxlara şirkətlərinin əldə etdiyi gəlirləri oğurlamaqla yaxşı dolanmağa icazə verilir.
Oliqarxların sərvəti və azadlığı Putinin lütfündən asılıdır. Onun yolunu kəsməyə çalışsanız, hər şeyi itirəcəksiniz. 2003-cü ildə Putini tənqid edəndən sonra milyarder Mixail Xodorkovski həbsxanaya düşdü və onun qurduğu "Yukos” neft şirkəti dövlət mülkiyyətinə keçdi.
Oliqarxların heç birinin Putinin yolunu kəsməməsinin başqa səbəbi də var. Onilliklər ərzində o, hətta ən yaxın məsləhətçilərini belə şantaj edə biləcək kompromat materiallar toplayıb.
Bir sözlə, bütün Rusiya elitasının qazanacağı heç nə yoxdur və Putinin koalisiyasından çıxmaqla hər şeyi itirə bilər.
Ölümündən sonra
Əgər Putin istefa verə bilmirsə və yəqin ki, devrilməyəcəksə, nəhayət vəzifədə olarkən ölsə nə baş verəcək? Rusiya konstitusiyasına əsasən, prezident vəzifəsini icra edə bilməyəndə və ya yoxdursa, baş nazir avtomatik olaraq məhdud səlahiyyətlərə malik prezident səlahiyyətlərini icra edir. Unutmayın ki, bu, 2000-ci ildə Boris Yeltsin istefa verəndə Putinin prezidentliyə doğru ilk addımı məhz belə olub.
Bu dəfə hakimiyyətin keçidi çox fərqli görünə bilər. Rusiyanın hazırkı baş naziri kifayət qədər mülayim və xarizmasız, öz gücü olmayan keçmiş vergi məmuru Mixail Mişustindir. Əgər o, Putindən sonra prezident səlahiyyətlərini icra edəcəksə, çətin ki, onun daimi əvəzedicisi olsun.
Konstitusiyaya görə, yeni prezident seçkiləri prezidentin ölümündən və ya səlahiyyətlərini itirməsindən sonra üç ay ərzində keçirilməlidir. Amma əsl hakimiyyət mübarizəsi seçki qutusunda deyil, pərdə arxasında baş verəcək.
Mümkündür ki, potensial amansız hakimiyyət mübarizəsi seçkiyə qədər həll olunsun, lakin üç ay varisin hakimiyyətini möhkəmləndirməsi və Putinin tərk edəcəyi boşluğu doldurması üçün çox az vaxtdır. O da mümkündür ki, konsensus namizədinin seçkidə qalib gəlməsinə icazə veriləcək, eyni zamanda klanlar arasında əsl mübarizə bundan sonrakı aylarda və illərdə baş verəcək.
Yaxud liderlərin qeyri-rəsmi koalisiyası prezident, baş nazir və təhlükəsizlik orqanlarının rəhbərləri kimi əsas hakimiyyət postlarını tutaraq kollektiv şəkildə idarə etməyə çalışır. Bu cür güc bölgüsü Rusiyada tarixi presedentə malikdir: Vladimir Lenin və İosif Stalinin ölümündən sonra "kollektiv liderlik” elan edən koalisiyalar qısa müddətlik hakimiyyəti ələ keçirdi. Amma hər bir halda koalisiyanın bir üzvü öz ortaqlarını hiylə ilə üstələyib sıradan çıxara bilib: əvvəlcə Stalini, sonra isə Nikita Xruşşovu. Bu hallar avtokratik varisliyin adətən çirkli bir iş olduğunu göstərir.
Lakin Putinin gedişindən sonrakı günlər, aylar və illər bəzilərinin düşündüyündən də qarışıq ola bilər. Əvvəllər heç vaxt hakimiyyətin ötürülməsini sabitləşdirməyə kömək edə biləcək bu qədər az sayda dəstəkləyici təsisatların olduğu zaman bu qədər hakimiyyət tək bir Rusiya liderinin əlində cəmləşməyib. Rusiya İmperiyasını idarə edən sonuncu çar ailəsi olan Romanovlar dövründə olduğu kimi monarxiya varisliyi yoxdur. Sovet dövründə olduğu kimi rəqibləri cilovlamaq üçün təkpartiyalı dövlətin güclü təsisatları da yoxdur.
Yalnız Putin var.
Nizami Bağırov