
Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan Aleksey Navalnı tərəfdarları bir çox ərazidə etiraz aksiyaları təşkil ediblər.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Korrupsiya ilə mübarizə Fondu"nun yaradıcısı, aktivist, hüquqşünas olan Navalnı və digər müxalif qrupların müraciəti ilə küçələrə çıxan insanlar "Ad günün mübarək, Putin", "Rusiya azad olacaq", "Navalnının seçkilərdə iştirakına icazə verin", "Putinsiz gələcək" kimi şüarlar səsləndiriblər.
Nümayişlərin keçirildiyi 25 ərazidə 271 nəfər həbs edilib. Polis həbs edilənlərin azad edildiyini və bu şəxslərə yolu bağladıqları üçün pul cəzası veriləcəyini deyib.
Qeyd edək ki, Putin dünən 65 yaşını qeyd edib. Aleksey Navalnı isə 29 sentyabrda "insanları icazəsiz aksiyaya çağırmaq" ittihamı ilə həbs edilib və ona 20 gün azadlıqdan məhrum etmə cəzası verilib. Navalnı məhkəmədə həbsinin Putinə hədiyyə olduğunu bildirmişdi.
Gülşən
Qaynarinfo.Az