Dünya 18:24 09.02.2023

Putinə yaxın generalın qızı Tretyakov Qalereyasına rəhbər təyin edildi

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi atası əvvəllər Vladimir Putinlə birlikdə Rusiya xüsusi xidmət orqanlarında çalışmış Yelena Proniçevanı Moskvadakı Dövlət Tretyakov Qalereyasının baş direktoru təyin edib.

Qaynarinfo xəbər verir ki, qalereyanın keçmiş direktoru Zelfira Trequlovanın işdən çıxarılması faktını idarənin mətbuat xidməti Rusiya mətbuatına şərhində təsdiqləyib. Treuqlova 2015-ci ildən muzeyə rəhbərlik edib.

"2020-ci ildən Politexnik Muzeyinə rəhbərlik edən Yelena Proniçeva Dövlət Tretyakov Qalereyasının yeni baş direktoru təyin edilib. O, əmək müqaviləsinin başa çatması ilə əlaqədar muzeyin baş direktoru vəzifəsini tərk edən Zelfira Trequlovanı əvəz edəcək”, - Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi bildirib.

Treuqlovanın işdən çıxarılmasının rəsmi səbəbi kimi "əmək müqaviləsinin müddətinin başa çatması” göstərilir. Əslində bir qədər əvvəl o, qalereyanın ekspozisiyasının əxlaqi-mənəvi dəyərlərə uyğun gəlməməsinə görə Moskvada müharibə tərəfdarı olan ictimaiyyətin nümayəndələri tərəfindən fəal şəkildə tənqid olunub. Yanvar ayında isə muzeyə müvafiq yoxlamalar  gəlib.

Eyni zamanda "The Moscow Times” yazır ki, Proniçev qalereyasının yeni direktoru Vladimir Putinlə birlikdə xüsusi xidmət orqanlarında çalışmış FSB generalı Vladimir Proniçevin qızıdır.

Bəs Yelena Proniçeva kimdir və onu Ukrayna ilə nə bağlayır?

Yelena Proniçeva 6 iyun 1983-cü ildə Zaporojye vilayətinin Melitopol şəhərində anadan olub.

2005-ci ildə Proniçeva MGIMO-nu müqayisəli siyasət ixtisası üzrə bitirib, bundan sonra Rusiya Federasiyası Dövlət Dumasında müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin icraçı direktorudur. Tretyakov Qalereyasına rəhbər təyin olunana qədər Proniçeva 2020-ci ilin dekabr ayından Politexnik Muzeyinin direktoru vəzifəsində çalışıb.

Proniçevalar ailəsi Rusiyada Yelenanın atası Vladimir Proniçevin sayəsində FTX (FSB)-dəki əlaqələri ilə tanınır. O, Rusiya ordusunun generalı və Rusiya Federasiyasının Qəhrəmanıdır, 2003-2013-cü illərdə Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətinə rəhbərlik edib.

Alpər