Dünya 14:16 01.07.2022

Putini Aşqabadda qarşılayan olmadı (SƏBƏB)

Aşqabadda keçirilən Xəzər sammitinə gələn qonaqların aeroportda qarşılanma mərasimi insanlar arasında müəyyən suallar doğurub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Seyid İbrahim Rəisi və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Aşqabad aeroportunda qarşılanma mərasimi təntənəli olub.
 
Rusiya Prezidenti Vladimir Putinin qarşılanması isə tamamilə fərqli idi. Daha doğrusu, yuxarıda adı çəkilən 3 ölkə lideri təyyarədən düşərkən duz-çörəklə qarşılandığı və avtomobilə qədər müşayiət edildikləri halda, Putini aeroportda nə duz-çörəklə qarşılamadılar, nə də onu avtomobilə qədər müşayiət edən olmayıb.

Bu mənzərənin nədən qaynaqlandığını Qaynarinfo-ya şərh edən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev düşünür ki, bununla, əslində Putin səhhətində hansısa problemin yarandığını, ona görə də görüş keçirdiyi qonaqlardan uzaq məsafədə dayanmalı olduğunu nümayiş etdirir:

"Putin son zamanlar kütləvi görüşlərdən uzaq durmağa çalışır. Hətta Aşqabadda toplantı keçirilərkən 5 ölkə rəhbərləri zalda kifayət qədər aralı məsafədə yerləşməklə böyük bir masanın arxasında əyləşmişdilər. Digər ölkə başçılarından fərqli olaraq Putinin aeroportda qarşılanmaması da Kremlin öz arzusudur. Buradan da görünür ki, Rusiya rəhbərliyi nədənsə ehtiyat edir. Putin nəinki xarici səfərə gedəndə, hətta yaxın dairəsilə görüşəndə də məsafə saxlayır. Xaricdən gələn qonaqları qəbul edəndə də Putin uzaqda oturur”.

Rüfət Sultan