Dünya 09:55 29.08.2022

Putinin Ərdoğandan Krım Platforması sammitiylə bağlı xahişi…

Rusiya avqustun 23-də Krım Platformasının ikinci sammitinin keçirilməsinə mane olmağa çalışıb. Rusiya prezidenti Vladimir Putin hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı iştirakdan çəkindirib.

Bunu Krım tatar xalqının lideri Mustafa Cəmilev "Krım.Realii”yə  müsahibəsində deyib

"Rusiya şantaj və hədə-qorxu ilə hamını çəkindirməyə çalışıb. Mənə dedilər, Putin Ərdoğana deyib ki, Türkiyə sammitdə iştirak etməsin və onlar turist axınını təşkil edəcəklər, ticarəti genişləndirəcəklər. Ərdoğansa ona cavab verib ki, "mənim qohumlarım orada (Krımda – red.) yaşayır, onlara sonra deyəcəyəm ki, sizi turistlə dəyişmişəm? Həm də Ukrayna bizim qonşumuzdur və Qurana görə qonşular bir-birinə kömək etməlidirlər”. Və bu dəfə özü də yaxşı çıxış etdi”, - deyə Krım tatar xalqının lideri bildirib.

O, həmçinin Niger və Konqo Respublikasının sammitdə iştirak etməli olduğunu, lakin son anda "nəsə baş verdiyini” bildirib.

"Qana da iştirak etməyi planlaşdırırdı, sonra dedilər ki, texniki səbəblərə görə edə bilməyəcəklər, lakin qəbul olunacaq yekun sənədə qoşulurlar", - Cəmilev bildirib.

Avqustun 23-də Ukrayna Krım Platformasının ikinci sammitini keçirdi. Samitt bu dəfə Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə səbəbindən onlayn olaraq baş tutdu.

Krım Platforması Ukrayna üçün Krımın işğaldan azad edilməsi ilə bağlı ilk böyük beynəlxalq danışıqlar platformasıdır. Keçən il Krım Platformasının təsis sammiti Kiyevdə bütün NATO və Aİ ölkələrinin nümayəndələrini bir araya gətirərək Rusiyada böyük qıcıq yaratmışdı. Həmin vaxt sammitdə 46 beynəlxalq nümayəndə heyəti iştirak etmişdi.

Nizami Bağırov