Xəbər lenti

Putinin təhdidi Azərbaycan siyasətçilərini qəzəbləndirdi - Reaksiyalar
Siyasət07:33 11.06.2022

Putinin təhdidi Azərbaycan siyasətçilərini qəzəbləndirdi - Reaksiyalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin I Pyotrun 350 illiyinə həsr olunmuş tədbirdə dünyanı təhdid edən ifadələr işlətməkdən çəkinməyib. O, özünü I Pyotra bənzədərək, rus imperiyasının bərpa edilməsinin vacibliyini önə çəkib. Hətta belə bir ifadə işlədib ki, Rusiya imperiyasının ərazisi müvəqqəti olaraq kiçilib. 
Putinin bu açıqlaması bir daha onu göstərir ki, Kreml özünün imperialist siyasətindən hələ də əl çəkməyib. Əksinə, Putin yeni-yeni ərazilər işğal etməklə imperiyalarını daha da böyütmək niyyətindədir. Putinin həmin açıqlamasını müstəqil ölkələrin suverenliyinə qarşı hədə, təhdid hesab etmək olarmı? 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirir ki, Rusiya liderinin çıxışı açıq təhdid və hədədir. Onun sözlərinə görə, Putinin bu sayaq açıqlamaları imperiya xəstəliyinin əlamətidir:
"Putinin son dövrdəki bir sıra açıqlamaları XXI əsrin məntiqinə uyğun deyil. Eyni zamanda, olduqca təhlükəli fikirlərdir. Onun keçmiş postsovet məkanında yaranan dövlətlərin mövcudluğunu şübhə altına alması, Ukraynaya təcavüzü və SSRİ-nin dağılmasını əsrin ən böyük geopolitik fəlakəti hesab etməsi müstəqil dövlətlərə qarşı təcavüz planıdır. Bu isə beynəlxalq sülh və təhlükəsizlik üçün təhdiddir”. 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, Putinin həmin təhdidi təkcə postsovet məkanına qarşı yönəlməyib, bütün dünyaya qarşı savaşdır. Siyasətçinin sözlərinə görə, Kreml İsveç, Finlandiya, Polşanı da təhdid edir:
 
"1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini işləyərkən, bəzi kəşfiyyat məlumatlarına çıxışım var idi. Buna əsasən deyə bilərəm ki, SSRİ-nin yerində yaranan Rusiya heç vaxt imperiya siyasətindən əl çəkməyib. O zaman Moskvada düşünürdülər ki, indi zəiflədiklərindən aralıq forma yaratmaqla keçmiş sovet respublikalarını öz təsirləri altında saxlaya bilsinlər. Güclənəndən sonra isə həmin respublikaları tam öz təsir dairələrinə qaytarmaqla, yenidən imperiyanı bərpa etməyi düşünürdülər. Rusiya imperiyası yaranandan ilk yürüşü 1722-1723-cü illərdə Azərbaycanın Xəzərsahili torpaqlarına olub. Sonrakı dövrlərdə Azərbaycanı parçalayan, şimali Azərbaycanı işğal edən, erməniləri bura köçürüb, son nəticədə süni erməni dövləti yaradıb, onu genişləndirən də məhz Rusiya imperiyasıdır”. 
Partiya sədri hesab edir ki, hələlik tam həll edə bilmədiyimiz Qarabağ problemi də Rusiyanın imperiya siyasətinin tərkib hissəsidir:
"Bu il SSRİ-nin yaranmasının 100 illiyidir. Rusiya dərin dövləti bu il imperiyanı bu və ya başqa şəkildə bərpa etməyi düşünürdü. Kreml Azərbaycanı da savaş başlamamışdan öncə qarşılıqlı ittifaq münasibətləri haqqında anlaşma imzalamağa məcbur etdi. Kreml bütün dünyaya göz dikərək düşünür ki, Rusiya imperiyasının sərhədləri sonsuzdur. Ona görə də bu sayaq açıqlamaları artıq açıq şəkildə bəyan edirlər. Belə açıqlamalar Kremlin Ukraynada düşdüyü çıxılmaz vəziyyətdən irəli gələn açıqlamalardır. Onlar artıq özlərini idarə edə bilmir”. 
Rüfət Sultan