Ölkə 19:19 06.12.2023

“Qadınlar şikayət etməyə qorxurlar” - Ekspert

"Əgər döyülən qadınların hamısı hüquq-mühafizə orqanlarına üz tutsa, bu faiz daha böyük olardı”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova Azərbaycanda məişət zorakılığında təqsirləndirilənlərin 94 faizinin kişilər təşkil etməsindən danışarkən deyib. 

Sədr hesab edir ki, qadınların zorakılığa məruz qalması ilə bağlı açıqlanan statistika məhkəməyə kimi gedib çıxanlardır:

"Biz həmişə yalnız qadınların zorakılığa məruz qaldığını düşünmüşük. Amma fakt üzrə qadınlar tərəfindən də kişilərin zorakılığa məruz qalması halları var. Burada özünü müdafiə məsələsi də var. Uzun müddət zorakılığa məruz qalıb, döyülərkən, yaxud xəsarət alarkən özünü müdafiə etmək istəyən qadınlar da var. Məsələn, mən məhkumlardan birini görmüşəm, özünü müdafiə etmək məqsədi ilə hərəkət edib həyat yoldaşını qətlə yetirmişdi. Qadının üzərində xəsarət aldığına dair izlər vardı. Bu o demək deyil ki, statistika yalnız bununla məhdudlaşır. Burada ölüm faktı olanlar, ağır xəsarət alanlar var, hansı ki, cinayyət məsuliyyəti üçün şərait yaranıb. Amma biz nə qədər döyülən qadınlar görürük. Onların heç biri ilə cinayyət məsuliyyətinə cəlb edilən olmayıb. Ümumilikdə, belə qadınların statistikası yoxdur. Bu, yalnız ağır cinayyətlə nəticələnmiş hadisələrin statistikasıdır”.
 


Hüquq müdafiəçisi zorakılığa məruz qalan qadınların əksəriyyətinin hadisə ilə bağlı şikayət vermək istəmədiyini vurğulayıb:

"Bununla bağlı faktlar var, qadın döyülüb, bədənində nə qədər iz var, amma bu günə kimi onunla bağlı heç bir quruma müraciət etməyib. Qadınlar şikayət etməyə qorxurlar. Sığınacağa da müraciət edən qadınınların əksəriyyəti uzun müddət zorakılığa məruz qalan qadınlardır. Son həddə onlar canlarını xilas edə bilsələr də polisə müraciət etmək haqqında düşünmürlər”.

Qeyd eək ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Azərbaycanda məişət zorakılığında təqsirləndirilənlərin 94 faizini kişilər təşkil edib. Hakim qeyd edib ki, Cinayət Məcəlləsinin 126, 127, 128-ci maddələri ilə təqsirləndirilən şəxslərin 585 nəfərini, yəni 94 faizini kişilər, 6 faizini qadınlar təşkil edir. 

Bahar Rüstəmli