Son zamanlar dünyanın bir çox aparıcı dövlətlərinin Cənubi Qafqaza diqqəti xeyli artıb. Mövcud vəziyyət onu göstərir ki, bölgəyə təsir etmək gücündə olan güc mərkəzi yalnız Rusiya deyil. Əksinə, Kremlin burada təsir gücü qalsa da, artıq onun bu imkanları daralmaq üzrədir. Bunun müqabilində bölgəyə digər güc mərkəzlərinin təsir imkanları artmaqdadır. Xüsusən də Türkiyə və Qərbin. Qərb son zamanlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına çalışır. Digər tərəfdən, görünən odur ki, artıq Cənubi Qafqazın hər bir üç ölkəsi də Rusiyaya qarşı kurs götürməyə başlayıb.
Düzdür, Gürcüstan çoxdan bu kurs üzrə irəliləyir. Bu ölkənin Avropa ilə əlaqələri intensivləşib. Paşinyanın hakimiyyətə gəlişilə Ermənistanda da son illər bu kurs hiss olunmaqdadır. Paşinyanın son demarşları da göstərir ki, İrəvan da artıq üzünü Qərbə doğru çevirməkdədir. İrəvan Moskva ilə məsafə saxlamağa üstünlük verir. Belə ki, son dövrlər Ermənistan rəhbərlərinin Qərb ölkələrinə və əksinə səfərləri əhəmiyyətli dərəcədə artıb. Erməni hökuməti hətta əsas ermənipərəst Rusiya vətəndaşları olan Konstantin Zatulin və Marqarita Simonyanın ölkələrinə girişinə qadağa qoyub.
Son günlər Rusiyanın dövlət telekanallarında Azərbaycan əleyhinə yönəlik qərəzli verilişlərin yer alması və bu fonda Bakının rəsmi şəkildə bu mövqeyə kəskin etiraz bildirməsi də belə deməyə əsas verir ki, Qafqazın üçüncü ölkəsi də artıq Moskvaya bel bağlamır. Bu fonda "Qafqaz Evi” ideyası yenidən aktuallaşır. Həmin ideyanın gerçəkləşməsinə bu günə qədər mane olan iki qüvvə var idi. Onlar Ermənistan və Rusiyadır. Hazırda Rusiyanın vəziyyəti olduqca ağırdır. Ukrayna müharibəsi girdabına düşən Rusiya çətin ki, buradan güclənmiş halda çıxsın. Belə ki, onun kollektiv Qərbin qarşısında tab gətirəcəyi inandırıcı deyil. Bu halda isə Moskvanın kənar ərazilərə təsir imkanları da zəifləyir. Ermənsitana gəlincə, artıq Paşinyan hökumətinin yürütdüyü siyasət onun da şimala bel bağlamadığını deməyə əsas verir. Bu mənada, "Qafqaz Evi”nin gerçəkləşməsi yolunda olan maneələrin tam olmasa da, əsasən aradan qaldırıldığını düşünmək olar. Hər halda, Rusiyanın gücü zəiflədikcə, "Qafqaz Evi” ideyası da daha gerçək xarakter almağa başlayacaq.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, uzaq üfiqdə ola bilsin "Qafqaz Evi” ideyası gerçəkləşsin:
"Həmin ideya xoş niyyətli, faydalı layihədir. Amma onun gerçəkləşməsi üçün cəmiyyət və siyasi meydanda lazımi qüvvələr yoxdur. Bu məsələ ətrafında region ölkələrinin maraqları obyektiv olaraq üst-üstə düşür. Amma subyektiv olaraq cəmiyyət və siyasi liderlərin beyinləri tam fərqli istiqamətdə işləyir. Bu da millətin mənafeyilə fərdlərin mənafeyinin üst-üstə düşməməsinin nəticəsidir”.
"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə düşünür ki, hazırkı şəraitdə "Qafqaz Evi” ideyasının gerçəkləşməsi daha realdır:
"Bu ideya aktiv şəkildə 1989-cu ildə ortaya atıldı. Ancaq sonradan təcrübənin olmaması, emosiyaların, romantizmin güclü olması, regionumuzda başlayan müharibələr prosesi dayandırdı. Düzdür, konfliktlərin yaranmasında Azərbaycan təşəbbüskar olmayıb. Son 30 ildə çox hadisələr baş verdi, çox qanlar axdı. İndi hamı başa düşüb ki, bu illər ərzində səhv yolda olublar. Ona görə də indi "Qafqaz Evi” ideyası daha realdır, nəinki keçən əsrin 80-90-cı illərinə nisbətən. Çünki artıq böyük təcrübə var. Qafqazın bütün xalqları bu təcrübədən keçib. Bölgəmizdə Rusiyanın da təsirləri kifayət qədər zəifləyib, Qərb və Türkiyənin mövqeyi isə güclənib. Bölgə dövlətləri də dövlətçilik ənənəsi baxımından daha da güclənib. Siyasi nöqteyi-nəzərdən cəmiyyətlər də xeyli savadlanıb. Proses "Qafqaz Evi”nin yaradılmasına doğru gedir”.
Həmsöhbətimiz Azərbaycan Prezidentinin Tiflis səfərinin əslində birbaşa Gürcüstan-Azərbaycan-Ermənistan əməkdaşlığının müzakirəsilə bağlı olduğunu qeyd edir:
"Qaribaşvili 2021-ci ilin yazından Paşinyanla Əliyev arasında vasitəçilik missiyasına başlayıb. İlham Əliyev Tiflisə son səfərində də ölkəmizn buna hazır olduğunu açıq şəkildə bildirdi. Bu məsələdə Tiflisin vasitəçiliyilə ikitərəfli qeyri-rəsmi saziş noyabrda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalana bilməsində önəmli rol oynayır. Bu istiqamətdə çevik əməkdaşlığa başlaya bilərik. Sülh sazişinin imzalanması ilə iki ölkə arasında ciddi əməkdaşlıq formatının formalaşacağını da gözləmək olar”.
Rüfət Sultan
Şərhlər