Xəbər lenti

Qafqazda qaz savaşı bitdimi?
Hüseynbala Səlimov
Ekonomiks10:52 25.02.2016

Qafqazda qaz savaşı bitdimi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüseynbala Səlimov

Siyasət qəliz məsələdir. Amma kimsə deyirsə ki, siyasətin insanların iradəsindən və istəyindən üstün olan obyektiv qanunları var, o, çox böyük yanlışlığa varır.

Bunu başa düşmək üçün Popper olmaq tələb olunmur. Yetər ki, bircə həqiqəti qəbul edəsən – siyasəti insanlar yaradır... Ona görə də son nəticədə ən qəliz situasiyalar belə “insan dili”ndə anlaşılandır. Sonda həmişə bu və ya digər hərəkətin motivini başa düşmək mümkündür, kifayət edər ki, ayrı-ayrı siyasi aktyorların arzu və istəklərini biləsən və başa düşəsən ki, bu və ya digər məsələ ona görə meydana çıxır ki, kimsə və yaxud da ki, kimlərsə belə istəyir...

Bunları niyə deyirik? Bir müddətdir ki, Gürcüstan israrla Azərbaycan qazına alternativ axtarır.

Son günlərdə mövzuya maraq bir qədər səngimişdi, daha telekanallar onu baş xəbərə çevirmirdi. Amma proses bitməyib.

Xüsusən də prezidentin İrana səfərindən sonra ona maraq yenə də artıb. İndi hamını bir sual düşündürür: görən, iki Qafqaz ölkəsindən İranı kim öz tərəfinə çəkə bildi?..

Nədir qonşu Gürcüstanı əndişələndirən? Əgər Azərbaycan ona qazı baha qiymətə təklif etsəydi, bunu başa düşmək asan olardı. Eləcə də bu ölkə İran və yaxud da  ki, Rusiya qazına alternativ axtarsaydı, bunları da anlamaq olardı. Düşünərdik ki, ölkə İrandan və ya Rusiyadan asılı olmaq istəmir, çünki bu dövlətlər böyük və iddialıdır və onlar Gürcüstanın qaza ehtiyacından istifadə edərək onun siyasətini tənzimləmək, bu və ya digər istiqamətə yönəltmək istəyirlər...

Təbii ki, Azərbaycan da Gürcüstana münasibətində tamamilə təmənnasız deyil. Amma bu təmənna Gürcüstandan Avropaya açılan bir qapı kimi istifadə etmək arzusundan o yana getmir.

Əgər Gürcüstan tamamilə Rusiyanın nəzarətində olsaydı və yaxud da birmənalı şəkildə bu nəzarətə can atsaydı, bu halda da məsələni başa düşmək olardı – düşünərdik ki, komanda Rusiyadan gəlir, məqsəd də Azərbaycanın Qərbə qapısını bağlamaqdır. Bəli, bu, indikindən çox anlaşıqlı olardı, çünki rusiyalı strateqlər dəfələrlə bildiriblər ki, Azərbaycana toxunmaq lazım deyil, yetər ki, Gürcüstanı götürəsən, onda rəsmi Bakı iki gündən sonra Kremlin qapısında növbə tutaqcaq...

Amma indi bunların heç biri yoxdur. Əvvəlkindən bir qədər isti münasibətlərə baxmayaraq hələki nə Gürcüstan birdəfəlik Rusiyanın qucağına atılmağa hazırlaşır, nə də ki, qonşu Azərbaycan ondan sərfəli əməkdaşlıqdan savayı bir şey umur...

Bəs onda porblem nədədir? Bircə yol qalır ki, razılaşasan ki, bütün bunlar ona görə baş verir ki, kimsə və yaxud da kimlərsə belə istəyir! Bəs bu adamlar kimdir?

Bu vaxta qədər bir neçə ehtimal irəli sürülüb. Amma eks-prezident M.Saakaşvilinin “Rustavi” kanalındakı çıxışından sonra onlardan biri üzərində dayanmaq daha məntiqlidir. O da budur ki, indiki hakimiyyətin “xaç atası” B.İvanişvili “Qazprom”da pay sahibidir, ona görə də qurumun Gürcüstana yolunu açmaq istəyir...

Elə bu səbəbdən də belə demək olar ki, Gürcüstan bu gün ona görə Rusiya ilə İran arasında vurnuxur ki, bunu onun hakimiyyəti və xüsusən də bu hakimiyətin “xaç atası” B.İvanişvili istəyir...

Amma bu da məsələnin tam məgzi deyil. Azərbaycan ilk gündən bəyan edib ki, Gürcüstan əlavə qaz almaq istəyirsə, bunu hər zaman edə bilər, bu məsələdə rəsmi Bakının ona heç bir iradı yoxdur. Narahatlıq tamamilə başqa  detalın üzərindədir.

Azərbaycanı qane etməyən bir predmet var – o, da Ermənistanın kiçik də olsa, hər halda, tranzit ölkəsinə çevrilmək perspektividir...

Azərbaycanı qane etməyən budur. Maraqlısı budur ki, Tehran rəsmilərinin bir qismi bütün bu söz-söhbətlərin jurnalistlərin fərziyyəsi olduğunu və hələki ortalıqda heç bir sənədin olmadığını desə də digər mənbələr İranın Gürcüstana qaz satmaqda və bunu Ermənistandan keçməklə etməkdə israrlı olması haqda xəbərlər yayır...

İran bu məsələdə yalnız Rusiyanın razılığını almaq istəyir, ona görə ki, nəql üçün istifadə etmək istədiyi tranzit infrastrukturu Rusiyaya məxsusdur. Azərbaycana gəldikdə isə, İran onun rəyini soruşmaq üçün özünə əziyyət belə vermək istəmir. Halbuki, Gürcüstana qazı Azərbaycan üzərindən də ötürmək olardı...

Problem budur. Ona görə də prezidentin İran səfərindən çox şey gözlənirdi. Düzdür, imzalanan razılaşmaların mürəkkəbi hələ qurumayıb. Üstəlik, prezidentlərin danışıqlarının detalları açıqlanmayıb. Amma hamını bircə sual düşündürür: Qaz savaşı bitdimi?.. //musavat.com