
İyirmi ildir ki, Qarabağ işğal altındadır. Və elə iyirmi ildir ki, Qarabağın adından istifadə edib, onu ucuzlaşdırıb bu milləti ağlar günə qoyublar. Hər kəlmə başı "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir", - deyirik. Amma Qarabağ 20 ildir ki, Azərbaycandan ayrılıb. Bir sözlə, Qarabağ yoxdur, onu bizdən alıblar, satıblar, orada qondarma dövlət qurublar. Biz məğlub ölkəyik, izahsız, filansız...
Ən dəhşətlisi odur ki, biz məğlubiyyətimizlə asanlıqla barışa, Qarabağda şəhid olmuş insanları rahatca unuda bilirik. Çıxın Bakının küçələrinə, insanlarının üzünə baxın, görün, biz təcavüzə məruz qalan ölkənin insanına bənzəyirikmi? Hamı işində-gücündədir. Lütfən, bizə nağıl danışmayın. Yenə izahsız...
Doğrudanmı, biz bu qədər unutqanıq və bu qədər özümüzü ucuzlaşdırmışıq? Xeyr, bizi unutqan ediblər, ucuzlaşdırıblar! Sadəcə, biz "bu günümüzə də şükür" deyərək, şərait yaratmışıq ki, hər şey asanlıqla, rahatlıqla baş tutsun.
Nəyə görə deyirəm bunları... Ötən gün bir xəbər bütün mediada "məşhuri-cahan" oldu ki, bəs Lənkəranda Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov Qarabağ əlilini döyüb. Hətta QARABAĞ əlilinin adından mediada müraciət də yayıldı. Doğrusu, şaşırdım. Əslində, Yadigar Sadıqovun hansısa bir yerli məmurla mübahisə edib onu döyməsi xəbəri yayılsaydı belə, yenə inanmazdım, çünki bu adamın tərbiyəsinə bələdəm. Maraqlıdır, Yadigar Sadıqovun bu cür ittiham olunmasının səbəbi nədir? Qarabağı omu satdı? Omu imzaladı təslimçi sülh müqaviləsini? Bəs o zaman onun üstünə Qarabağ əlili niyə göndərildi?
İşin maraqlı tərəfi təkcə bu deyil. Yadigar Sadiqovdan şikayət edən adamın yalançılığı, onun təxribatçı olduğu elə müraciətindən bəllidir. Diqqət edin, adam müraciətində göstərmir ki, Yadigar Sadıqov onu niyə döyüb? Səbəb yoxdur. Amma Yadigar Sadıqov deyir ki, adam mənə bir müxalifətçinin ona borclu olduğunu dedi və məni təhqir etdi.
Adama sual verərlər, tutaq ki, hansısa müxalifətçinin sənə borcu var, bundan Yadigar Sadıqova nə? Məgər Yadigar Sadıqov Lənkəranın hüquq-mühafizə orqanlarına nəzarət edir?
Dünən sosial şəbəklərədə belə bir məlumat da yayıldı ki, Yadigar Sadıqovu şərləyən Rəşid adlı şəxs narkomandır, amma onu QARABAĞ əlili kimi təqdim edirlər. Ağrıdıcı bilirsiniz nədir, söhbət təkcə Rəşid adlı həmin şəxsdən getmir. Əgər doğrudan da, bu adam narkomandırsa, görün nə günə qalmışıq ki, kimlərsə öz maraqlarına görə narkomanı QARABAĞ əlili, fahişəni, əxlaqsızı şəhid ailəsi kimi təqdim edib üstümüzə göndərir, bundan əclafcasına sui-istifadə edir, hələ utanmadan həzz alırlar.
Bəli, biz Qarabağı vasitəyə çevirib narkomanı Qarabağ qazisi kimi təqdim edən ölkədə yaşayırıq. Bax millət, xalq olaraq fəlakətimiz budur.
Yadigar Sadıqov isə sözün əsl mənasında ziyalıdır. Ziyalı isə dəyərdir, mənəvi sərvətdir... Mənəvi sərvəti isə qorumaq lazımdır. Bunun ziyalının siyasi mövqeyinə, siyasi düşüncəsinə heç bir aidiyyəti yoxdur.
Amma bir şey də var: Bizim kimi ölkələrdə tarixən ziyalıya dəyər kimi baxmayıblar. Yəni belə ölkələrin insanı üçün dəyər mənəvi yox, maddi aləm olub. Ona görə də düzələ biməmişik, biz elə BİZ olaraq qalmışıq!