Xəbər lenti

Qarabağ ətrafındakı sükut nəyə işarədir? - Hüseynbala Səlimov
Hüseynbala Səlimov
Siyasət08:11 13.10.2016

Qarabağ ətrafındakı sükut nəyə işarədir? - Hüseynbala Səlimov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BELƏ ETİRAFDAN SONRA NƏYƏSƏ ÜMİD ETMƏK OLARMI?..

Hüseynbala Səlimov

Bir tərəfdən düşünürsən ki, ən azı 24 il sükuta, Minsk Qrupu həmsədrlərinin biri – birindən tənbəl bəyanatlarına alışmışıqsa, indi niyə səssizlik bizi narahat edir?

Prinsipcə, son bir – iki ildə və yaxud da ki, ayda nə dəyişib? Böyük hesabla heç nə... Bəlkə də dəyişən yeganə odur ki, Rusiya daha on il bundan əvvəlki Rusiya olmaq istəmir, harada bacarırsa və harada mümkündürsə, orada ABŞ üçün, eləcə də bütövlükdə Qərb ölkələri üçün problemlər yaratmağa çalışır...
    
Amma buna baxmayaraq cəmi üç ay bundan əvvəl Qarabağ problemi ətrafında necə eyforiya yaşandığını xatırlayanda adam heç təəccüblənməyə bilmir. İxtiyarsız olaraq düşünürsən ki, doğrudanmı vur-tut üçcə ay ərzində hər şey bu qədər dəyişə bilərmiş?..

Bəlkə də bizə ümid verən, həm də bir az səbrsiz edən aprelin ilk günlərindəki hərbi uğurlar idi. İlk dəfə idi ki, bizim diplomatlar danışıqlar prosesinə üstün hərbi mövqe ilə gedirdilər.

Fəqət, yalnız bunlar idimi ümid verən? Yox, rusiyalı diplomatlar deyirdilər ki, böyük ehtimalla ilin sonunadək problemin çözülməsi istiqamətində çox ciddi addımlar atılacaq. Deyirdilər, ola bilsin, elə bu ilin sonunda ilk beş rayon qaytarılacaq...

Həmsədrlər problemi müzakirə etmək üçün hətta Ankaraya da baş çəkəcəklərini bildirirdilər. Amma indi bunların heç biri yoxdur, sanki bu vədlər və ümid dolu bəyanatlar heç olmayıbmış.

Bununla belə yenə də ümidlərimizi itirmir və hələ də düşünürdük ki, ən azı payızın ilk günlərində Qarabağ prosesinə yenidən start veriləcək və münaqişə tərəflərini, Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək, bir araya gətirmək və onların mövqelərini yaxınlaşdırmaq üçün daha bir cəhd ediləcək...

Amma artıq oktyabr ayı olsa da, bu xüsusda hər hansı informasiya səslənmir. Üstəlik, bu, azmış kimi cəmi iki-üç həftə bundan əvvəl ABŞ dövlət katibinin çox bədbin bir açıqlaması səsləndi. C.Kerri bildirdi ki, indiki məqamda Qarabağ probleminin həlli mümkün deyil. Etiraf edirəm ki, bütün bu illər ərzində həmsədr ölkələrin diplomatlarının dilindən belə bədbin  açıqlama eşitməmişdim. Hətta ən ümidsiz vaxtlarda, heç bir nəticənin və yaxud da irəliləyişin olmadığı halda da həmsədrlər yenə də nikbin notlarda danışmağa üstünlük verirdilər...

BELƏ DANIŞMAĞA KERRİNİ NƏ VADAR ETDİ?..


Amma ABŞ dövlət katibinin səmimiyətinə şübhə etmək üçün də əsas yoxdur. Böyük ehtimalla C.Kerri də böyük siyasətdən getmək ərəfəsindədir, çünki B.Obama administrasiyasının hakimiyyətinin sonuna elə də böyük bir müddət qalmayıb. Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq böyük ehtimalla Kerri daha dövlət katibi olmayacaq. Düzdür, dövlət katibliyindən öncə onun böyük Konqres təcrübəsi vardı və heç də istisna deyil ki, dövlət katibi yenidən Konqresə qayıtmağa cəhd edəcək– hər halda, buna heç kim mane olmur...

Amma bütün bunlar təbii ki, ehtimallar və fərziyyələrdir. Üstəlik, bizim üçün elə də önəmli də deyil. Əsas odur ki, böyük siyasətdən getmək ərəfəsində C.Kerri özünə səmimi və ya diplomatiya baxımından qeyri -standart bəyanatları da rəva görə bilər...

BƏS RUSİYA NİYƏ BELƏ ETDİ?..


Həm də ki, bizim üçün əsas olan C.Kerrinin Qarabağ problemi konteksində dedikləridir. Təəccüblüsü budur ki, cəmi üç bundan əvvəl hətta ABŞ diplomatlarının da çıxışlarında nikbinlik notları artmışdı. Onlar da Rusiya prezidentinin təşəbbüsünə dəstək verdiklərini deyir və belə  fikri təlqin edirdilər ki, bu dəfə həqiqətən də nəsə ola bilər...

Amma budur, artıq bunlar yoxdur. Əvəzində pessimizm və tərəddüdlər var. Üstəlik, Rusiya tərəfdən də hər hansı tərpəniş yoxdur. Bəs Rusiyaya nə oldu? Onlar ki, böyük nikbinliklə məsələyə girişmişdilər...

Yayda Ermənistanda bir az gərginlik yaşandı. Böyük ehtimalla oxucu yay aylarında Yerevanda polis binasının ələ keçirilməsilə bağlı yaşanan siyasi gərginlyi xatırlayır. O vaxt həmin gərginlik işini gördü və S. Sarkisyana prezidentlərin görüşünü qeyri -müəyyən müddətə təxirə salmağa imkan verdi. Ermənistan prezidentinə isə bundan artığı lazım deyildi, necə deyər, Mavr işini gördü...

Amma hələ bu da hamısı deyildir. Bir neçə həftə bundan öncə Ermənistanda Rusiyanın “İskander” tipli raketləri nümayiş etdirildi. Düzdür, bu xüsusda xeyli mübahisə və təhlillər oldu. Hamı bir sual verirdi: raketlər kimə məxsusdur? Əslində isə bunun elə bir əhəmiyyəti yox idi. Əsas o idi ki, Ermənistanda belə raket sistemi var...

BU, KİMƏ QARŞI TƏZYİQ İDİ?..


Qarabağ problemini yaxın vaxtlarda çözəcəyini vəd edən Rusiyanın niyə belə etdiyi də xeyli mübahisə doğurdu...

Rusiya bununla nə demək istəyirdi? Kimə təzyiq etməyi düşünürdü? Zənnimizcə, bu sualların cavabını tapmaq elə də müşkül məsələ deyildir.  
Rusiyalı diplomatlar və həbrçilər, eləcə də böyük siyasətin birinci personaları  Azərbaycanı da Avrasiya İttifaqında, Kollektiv Təhlükəsizlik Təşkilatında görmək arzularını gizlətmirlər...

Azərbaycan hələki bu işarələrə biganədir. Güman ki, Rusiya Ermənistanda “İskander” raketlərini nümayiş etdirməklə Azərbaycana Kollektiv Təhlükəsizlik Təşkilatında olmağın üstünlüklərini göstərmək istədi...

Həm də aprel döyüşlərindən sonra Azərbaycanda hələ də Qarabağ problemini hərb yolu ilə çözmək çağırışları səngimirdi. Mümkündür ki, raketlər eləcə də bu çağırışlara mesaj idi.  Rusiya göstərmək istədi ki, Ermənistanın silah – sursat sarıdan problemi yoxdur...

Bütün bu proseslərdə Rusiya həm də, necə deyər, cibini də güdür. İki dövlət – Azərbaycan və Ermənistan arasında əsl silahlanma yarışı gedir. Ermənistanda yeni silahlar görən Azərbaycanın ilk qənaəti bu, olur ki, özünün müdafiə xərclərini bir az da artırsın. Bu isə yenə də Rusiyanın uduşu deməkdir, çünki Azərbaycan silahları ilk növbədə Rusiyadan alır...

Həm də Qarabağla bağlı intensiv danışıqlar prosesi başlayandan dəfələrlə yazmışdıq ki, Rusiya heç vaxt siyasi filantropiya ilə məşğul olmaz. Qarabağ probleminin çözülməsinin, rayonların qaytarılmasının müqabilində o, ya münaqişə bölgəsinə öz sülhməramlılarını gətirmək istəyəcək, ya da ki, Azərbaycanı Kollektiv Təhlükəsizlik Təşkilatının və yaxud da Avrasiya İttifaqının üzvü olmağa təhrik edəcək...

ABŞ dövlət katibinin də daha bir açıqlamasından, Suriya ilə bağlı dediklərindən bir nəticə hasil etdik özümüz üçün – Qərb hələ ki, Rusiya ilə bacarmır. Bəlkə də son illərin ən acı etiraflarından bir məhz budur...

QARABAĞ ABŞ-IN ÖZÜ ÜÇÜN NƏ QƏDƏR ÖNƏMLİDİR?..


Amma bu, yeganə səbəbdirmi? Bu yaxınlarda ABŞ-ın “beyin mərkəzləri”ndən biri beş yüz çox nüfuzlu ekspert arasında dünyadakı hansı problemlərin bu ölkənin milli maraqlarını təhdid etməsilə bağlı sorğu keçirmişdi. Problemlər ciddiliyinə görə üç qrupa bölünmüşdü və Qarabağ sorğuda ən axırıncı - üçüncü qrupda, özü də ən son yerdə qərar tutmuşdu. Belə ki, beş yüz ekspertdən yanlız üçü Qarabağın da adını çəkmişdi...
Bunun özü çox ciddi göstəricidir. Ona görə ki, Qarabağ probleminin həlli ABŞ-ı qətiyyən ilgiləndirmir. Bəli, əgər Rusiya problemi həll etmək fikrinə düşərsə, o halda ABŞ da bunun əleyhinə olmayacaq və hətta öz dəstəyini əsirgəməyəcək, amma onun xüsusi olaraq Qarabağ problemi üçün çalışmaq fikri yoxdur. Üstəlik, bir məqama bir daha diqqəti cəlb etmək istərdik. Kerrinin bir açıqlaması da Suriya ilə bağlı olmuşdu və bunu bir az əvvəldə qeyd etmişdik. Bu açıqlamaqdan çıxan nəticəsə bu idi ki, ABŞ Rusiya ilə bacarmır – bunu bir daha qeyd etmək zorundayıq...

Bəli, bu açıqlamanın da səmimiyyətinə şübhə etmək və soruşmaq olardı ki. doğrudanmı, belədir? Doğrudanmı, ABŞ Suriya problemini də həll edə bilmir? Bunun əksini düşünmək və “idarə olunan xaoslar” haqqında bir– iki il bundan əvvəl yazılanları və deyilənləri xatırlamaq olardı...

Di gəl, müsəlman Suriyası bir tərəfə, ABŞ xristian Ukraynasının da problemini həll edə bilmir... Ona görə də hansı problemin ABŞ üçün nə dərəcədə önəm daşıması haqqında çox danışmaq və mübahisə etmək olar. Amma bir məsələ var. Yazının əvvəlində qeyd etdik ki, Rusiya daha əvvəlki Rusiya olmaq istəmir. Düzdür, bunun da nə qədər davam edəcəyi və Rusiyanın buna “barıtının nə qədər çatacağı” haqda da çox söhbət açmaq olardı. Amma bu gün üçün mövcud olan vəziyyət bununla dəyişməyəcək. Günün qənaətisə budur ki, Rusiya ilə bacarmırlar...

TÜRKİYƏDƏKİ ENERJİ SAMMİTİ DƏ BİR FÜRSƏT İDİ...

Bu günlərdə sanki yenidən bir ümid də yarandı. Rusiya prezidenti özünün Türkiyəyə ikinci səfərini etdi. Diqqət çəkən ilk növbədə o idi ki, səfərə Putin məhz özü yollandı. Halbuki nisbətən aşağı ranqlı dövlət və ya hökumət adamı da göndərilə bilərdi.

Təbii ki, prosesə tam diqqət kəsildik. Heç şübhəsiz ki, Qarabağ konteksində bir şey eşitmək üçün. Amma V.Putin Sankt-Peterburq görüşündə R.T.Ərdoğanın Qarabağ problemilə bağlı birgə qurum yaratmaq təklifinə necə diqqətsiz qalmışdısa, bu dəfə də Qarabağla bağlı hər hansı bir geniş açıqlama vermədi. Ola bilsin, prezidentlərin söhbətlərində, ayaqüstü fikir mübadilələrində nəsə olmuşdu. Amma  hesab edirik ki, ciddi bir şey olsaydı, dərhal mediaya sızardı...

Ona görə də bir daha yazının əvvəlindəki məqamalara qayıdaraq belə demək olar ki, böyük ehtimalla payız da Qarabağ prosesinə bir aydınlıq gətirməyəcək və bəlkə də prezidentlərin növbəti görüşü ilə bağlı isti mülahizələri bir müddətə, ümumiyyətlə, unutmaq lazım gələcək. Bu isə o deməkdir ki, son 23 il ərzindəki ilk hərbi uğuru diplomatik uğurlara çevirə bilmədik...

Qaynarinfo.Az