Xəbər lenti

Qarabağ prosesi bütünlüklə gələn ilə qaldımı?..
Hüseynbala Səlimov
Ölkə08:33 27.12.2016

Qarabağ prosesi bütünlüklə gələn ilə qaldımı?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
BÖYÜK HAY-KÜY VƏ SONDA DA BELƏ...
Biz də olmasaq, zamanın özü hər bir şeyin nöqtəsini qoyur – ya birdəfəlik, ya da ki, müvəqqəti. Bu sözləri ilin Qarabağ prosesi haqqında da demək mümkündür. Güman ki, 28 ildir davam edən münaqişənin daha bir səhifəsini çevirmək olar... 
Hamburqda prezidentlərin görüşünün baş tutmaması, eləcə də artıq bitməkdə olan dekabr ayı izafi ümidlər üçün yer qoymur – çətin ki, bir neçə gün ərzində yeni nəsə baş versin...
İndi bəlkə də daha düzgünü bu, olardı ki, bir ilin prosesinə yekun vurasan və onun əvvəlki illərdən fərqli olan hansı reallıqları yaratdığını anlamağa çalışasan. 
Təkrarçılıq olmasın, amma il “Lavrov-Putin planı” adlı çox gurultulu diplomatik təşəbbüslə yadda qaldı. İndi bunu bir daha vurğulamağa elə bir ehtiyac yoxdur. 
Sadəcə, bir daha xatırlatmaq istərdik ki, Rusiya yazda və ya yayda etmək istədiklərinin üstündən payızda böyük bir qara xətt çəkdi...
Artıq bu ölkə Ermənistanla birgə hərbi komandanlığa keçib və bu, da faktiki olaraq o deməkdir ki, Ermənistan hərbisi Kremldən idarə olunacaqdır. Üstəlik, Rusiya bununla da kifayətlənmədi – bundan sonra Kremlin Yerevana verdiyi və yaxud hədiyyə etdiyi silah-sursat dövlət sirri kimi təsnif olunacaq... 
KTMT-NA VƏ YAXUD AVRASİYA İTTİFAQINA “YAZILMAQLA” DA DÜZƏLƏN DEYİL BU İŞ... 
Bu iki detal yeni və ciddi reallıqlar yaradır. Bir tərəfdən Rusiyanın Ermənistanı daha çox nəzarətə götürməsi yaxşıdır, o biri tərəfdən də bu izafi çətinliklər də yarada bilər. Hər şey Rusiyanın niyyətindən asılıdır. Bu niyyəti isə diplomatlarımız on illərdir yalnız fəhm etməyə çalışırlar... 
Bir tərəfdən Bakıda belə çağırışlar səslənir ki, əgər Rusiya Ermənistan üzərində bu qədər nəzarət əldə edibsə, onda daha onunla deyil, birbaşa Rusiyanın özü ilə danışmalıyıq...
Təbii, bu yanaşmada da məntiq var. Amma Rusiya ilə “danışıq”ların predmeti neçə illərdir ki, aydındır - əvvəllər bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq idisə, indi burada Avrasiya İttifaqı da özünə yer edib. Amma bu da hamısı deyildir. Hətta Bakı bütün bunlara razılıq versə belə, yenə də bu yolla Qarabağın qaytarılacağına heç ümid yoxdur. 
Keçmiş dövlət məmurları dəfələrlə söhbətlərdə, müsahibələrdə bildiriblər ki, vaxtilə bu variantlar da Kremlə təklif olunsa da, bir nəticəsi olmayıb – Rusiya Qarabağı nəyəsə dəyişməyə tələsmir...
O ki qaldı ikinci məsələyə, Rusiyanın Ermənistanı daha çox nəzarətə götürməsinin yarada biləcəyi çətinliklərə və eləcə də Moskvanın Yerevanı silah – sursatla təmin etməsinə, buna da Bakıda ikili reaksiya var. Bir tərəfdən Azərbaycanda belə addımlar ictimai səviyyədə qəti pislənir və Rusiya ikibaşlı oyun oynamaqda ittiham edilir. Digər tərəfdən də rəsmilərin buna münasibət tamamilə fərqlidir. Özünə yalnız Qərbə qarşı kəskin bəyanatlar səsləndirməyi rəva görən Bakı bildirir ki, Kreml hansı ölkəyə silah satıb –satmamaq məsələsini özü həll edir...
Düzdür, Ermənistan da Rusiyanı Azərbaycana silah satdığına görə qınayır. Ona görə düşünmək olardı ki, münasibət prinsipcə, simmetrik və başadüşüləndir. Bu aspektdən yanaşanda rəsmi Bakı hətta haqlı da görünür. Ona görə ki, bir az əvvəldə dedyimiz kimi, Rusiya Azərbaycana da silah satır. Amma bütün bunlar zahirən belə “ədalətli” görünür...
DAHA ÇOX ÖZÜNÜ DÜŞÜNƏN HAKİMİYYƏT...
Birincisi, ona görə ki, Rusiya silahı Azərbaycana satır, Ermənistana isə sadəcə, hədiyyə edir. İkincisi, Bakı bütün hallarda Rusiyanı belə ikibaşlı siyasətə görə qınamalı idi...
Bizə elə gəlir ki, burada da motivlər aydındır. Rəsmi Bakı daha çox öz  hakimiyyət maraqlarını güdür. Eyni ritorika İrana da ünvanlanır. Əvvəllər Azərbaycan bu ölkənin Ermənistana yönəlik siyasətinə təsir etməyə çalışırdı. İndisə bunu etmir və “İran öz tərəfdaşlarını seçməkdə azaddır!” deyir...
Ola bilsin, hətta buna görə də Azərbaycan hakimiyyətini haqlı sayanlar tapılacaq. Amma Azərbaycan hakimiyyəti Rusiyaya öz siyasətini və hərbi tərəfdaşlarını müəyyən etməkdə tam sərbəstlik verdiyi bir halda özü hər  addımında Kremlin maraqlarını gözləyir – bu gün rəsmi Bakı, məsələn, NATO-nu və eləcə də Avropanın digər strukturlarını yuxuda görməyə də qorxur...
Düzdür, bunun bir “özəl” tərəfləri də var. Avropa ilə, xüsusən də NATO ilə əməkdaşlıq heç rəsmi Bakının özünün də ürəyindən deyil, çünki belə  əməkdaşlıq ondan indiki idarəçilik fəlsəfəsini və demokratiyaya baxışını tamam dəyişməyi tələb edir... 
Eləcə də Bakı Tehranı da çox yaxşıca “anlayır”. Özü ondan heç nə ummur, di gəl, Tehranın tələblərini daim nəzərə alır. Məsələn, bu günlərdə Bakıda böyük bir təmtəraqla İsrailin baş naziri qarşılandı. Çox gurultulu sözlər və pafoslu nitqlər oldu. Düzdür, bunların içində həqiqi sözlər də vardı. Məsələn, Bakı ilə Təl-Əviv arasındakı təkcə hərbi kontraktların həcmi beş milyard dollara yaxındır. Amma münasibətlərdə problemlər də yox deyil. 
On illər keçməsinə rəğmən, hələ də iki ölkə arasındakı diplomatik münasibətlər simmetrik xarakter almayıb – İsrailin Bakıda səfirliyi olsa da, Bakı hələ də İsraildə səfirlik açmağa tələsmir. Səbəbi də budur ki, Azərbaycan hakimiyyəti İrandan və onun təzyiqlərindən ehtiyatlanır...
Dərindən baxanda burada da rəsmi Bakının hakimiyyət maraqları qabarır. Milli maraqlar prizmasından baxanda İran onsuz da bunları gözləmir və bir az əvvəldə dediyimiz ki, Ermənistanla çox geniş əlaqələr saxlayır. 
Elə bu günlərdə Azərbaycandakı ictimai etirazlara rəğmən İran prezidenti Yerevana səfər etdi, azərbaycanlılara isə “Ruhani Yerevanda beş saat qaldı!” və ya “Bircə gün qaldı!” deyib özlərinə təskinlik vermək qaldı.
Halbuki İran Qarabağ məsələsində Türkiyənin göstərdiyi prinsipiallığın heç olmasa yarısını etsəydi bəlkə də problem çoxdan həll olunardı. İndi Yerevanın dünyaya iki çıxışı var – biri Gürcüstandır, digəri İran. Sonuncu xüsusilə böyük önəm kəsb edir Ermənistan üçün... 
Amma digər –  “sanksiyalara məruz qalan İran” üçün Ermənistanın fövqəl maraq kəsb etməsi də uydurmadan başqa şey deyil. Mən iki ölkə arasındakı ticarət dövriyyəsilə də maraqlanmışam. Elə də böyük ədəd deyil, 150-200 milyon dollar təşkil edir, çünki Ermənistan bazarı olduqca kasıbdır...       
Rəsmi Bakıya gəldikdə isə, bir daha deyirik ki, onun üçün öndə olan özünün özəl maraqlarıdır və siyasi taleyidir, çünki İran hər an “həssas nöqtə”lərə toxun, məsələn, kövrək tarazlıq halında olan Azərbaycanda da dini müxalifətin güclənməsinə təkan verə bilər...
Qərəz, ümumi vəziyyət belədir. Bakı İranı da, eləcə də Rusiyanı da gözəl anlayır. Elə onlar da rəsmi Bakını gözəl başa düşürlər... 
Başa düşülməyən və nəzərə alınmayan isə milli maraqlardır – bəli, Azərbaycanın milli maraqları. Onları hətta rəsmi Bakının özü də qismən, öz hakimiyyətinə  problem yaratmayacaq səviyyəyə qədər nəzərə alır...
HƏRBİ MÜSTƏVİDƏ DƏ PERSPEKTİV GÖRÜNMÜR, ÇÜNKİ...
Bəs növbəti ildən nə gözləmək olar? Doğrusu, birmənalı söz demək olmur. Bəzi məsələlər aydınlaşmalıdır. Məsələn, gələcək ABŞ hökumətinin Qarabağla bağlı, ümumiyyətlə, regionla əlaqəli siyasəti hələ tam bilinmir. Təbii ki, ümumi sözlər demək mümkündür. Amma hər bir kabinet, hər hakimiyyət problemlərə öz baxışını da gətirir...
Türkiyə ilə Rusiyanın münasibətlərindən də asılı məqamlar var. Görək, bu münasibətlərə hara qədər inkişaf edəcək? İlin əvvəlində Rusiya hətta bununla da bağlı ümidverici bəyanatlar səsləndirirdi –  həmsədrlər guya ki, Ankaraya səfər etməyi planlaşdırırdılar... 
Elə Türkiyə diplomatları da yaydan sonra yenidən “donmuş” Qarabağ probleminin “buz”unu əritmək üçün çox səy göstərir. Hətta Türkiyədən  bəyanatlar səsləndi ki, Ermənistan, heç olmasa, Azərbaycanın bir rayonunu azad edərsə o halda onların ölkəsi blokadanı  yumşaltmağa qərar verə bilər... 
Hamburqda da belə fikirlər dilə gətirildi ki, Minks Qrupuna yeni bir impuls verilməlidir. Bu xüsusda Bakıda bir daha Türkiyənin də həmsədr ölkələrin sırasına qatılması məsələsi gündəmə gəldi. Amma Ermənistan və yaxud Rusiya buna razılıq verərmi?..
Bəs hərbi əməliyyatların təkrarlanması necə? Daha bir aprel təkrar oluna bilərmi? Bakıda ritorik şəkildə olsa da, bunu istisna etmirlər və bir daha belə fikirlər səslənir ki, tərəflər yenidən hərbə müraciət edə bilər... 
Amma iki nüans var. Rusiya Ermənistanın müdafiə imkanlarını bir az da artırdı. Bir “İsgəndər”lər qalmışdı, onları da Yerevanda nümayiş etdirdi! Bu da məsələnin bütün detalları deyil. Təbii ki, aprel bizim üçün hərbi və siyasi uğur idi. Bunu heç kim inkar etmir... 
Amma ermənilərin də özlərindən “razı” qalmağa “əsas”ları var. Ona görə ki, apreldə azad edilən iki min hektarlıq ərazi işğal olunmuş cəmi ərazilərin qarşılığında çox azdır... 
22 il idi ki, bu günə hazıralaşırdıq və onu gözləyirdik. 22 il idi ki, Azərbaycanın iqtisadi və demoqrafik üstünlüklərinin ciddi hərbi və diplomatik nəticələrə gətirib çıxaracağı deyilirdi. Belə də oldu. Amma di gəl, çox da böyük uğura imza ata bilmədik. Bəlkə də hərbi uğurumuz daha böyük olardı və elə olmuşdu da... Mümkündür ki, elə nüanslar var ki, biz onları bilmirik. Bu, tamam mümkündür. Amma daha böyük uğura və ən azı təcavüzkarı sülhə məcbur edəcəyimizə ümid edirdik...
Ona görə də gələcəklə bağlı çox da “rəngli yuxu”ları özümüzə rəva görmürük. Di gəl, bir məsələ var: əgər sülh yoxdursa, ədalət tapdanıbsa, torpaqlar işğal olunubsa, müharibə hər an ola bilər. Amma bunun üçün də şərait yetişməli, əlverişli diplomatik fon yaranmalıdır, çünki lap Lenin deyən kimi: müharibə sadəcə, siyasətin başqa vasitələrlə davamıdır...
Amma İndi hərbi müstəvidə perspektivsiz bir durum yaranıb. Dəfələrlə qeyd etdik ki, Moskva Azərbaycana valyutaya satdığı silahlardan da qat – qat güclü və müasir silahları Ermənistana hədiyyə edir. 
Demirik ki, Bakı vəziyyəti sadəcə, seyr etməklə məşğuldur. Yox, o da özünün müdafiə imkanlarını Pakistanın və xüsusən də İsrailin hesabına gücləndirməyə cəhd edir. 
Amma əsas silah ticarəti Rusiya ilə bağlıdır və yazının bir az əvvəlində İsraillə münasibətləri ona görə qabartdıq ki, Rusiya artıq Qafqazdakı silah bazarında İsraili özünə rəqib görür – təkcə dekabr ayında Rusiyanın silah satışı üzrə baş məmuru D.Roqozin düz iki dəfə Bakıya səfər edib və bu səfərlərdən biri B.Netanyahunun səfərindən sonraya təsadüf olunub. 
Amma əsas bilirsinizmi nədir? Prosesin sonu görünmür. Azərbaycan pulla silah alacaq, Ermənistan isə onu Rusiyadan bir hədiyyə kimi qəbul edəcək. Nəticədə Rusiyanın xəzinəsi dolacaq, üstəlik geosiyasi ambisiyaları təmin olunacaq. Ermənistanın isə işğal etdiyi əraziləri indən belə də nəzarətdə saxlamaq imkanları artacaq...
Bəs Azərbaycan real olaraq nə qazanacaq? Bax, bu suala ürəkaçan, nikbin bir cavab vermək olmur. Elə adamın ürəyini də ağrıdan da budur.
Qaynarinfo.Az