Xəbər lenti

Qarabağ veteranının şikayətini prezidentə çatdırmırlar - ŞİKAYƏT
Ölkə08:09 10.04.2015

Qarabağ veteranının şikayətini prezidentə çatdırmırlar - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

10 il azadlıqdan məhrum edilən Qarabağ Müharibəsi veteranının ailəsi onun nahaq yerə həbsdə saxlandığını, dəfələrlə dövlət başçısına müraciət etsələr də onun əfv edilmədiyini deyir.

Hazırda həbsdə olan müharibə veteranı Abutalıb Şirzad oğlu Məmmədovun dayısı Bəhlul Məmmədov şikayət ərizəsi ilə “Qaynar.info”ya müraciət edib. Onun sözlərinə görə, bacısı oğlu Abutalıb Məmmədov Bakı-Moskva qatarında bələdçi vəzifəsində çalışıb. 2009-cu il iyunun 5-də polislər onu şübhəli şəxs qismində saxlayıb. Həmin gün A.Məmmədovun iş günü deyilmiş və o, şəxsi problemini həll etmək üçün şəhərdə olub: “Onu polis idarəsinə gətirdikdə həbs olunma səbəbi kimi Bakı-Moskva qatarında narkotik maddənin tapılması göstərilib. Deməli, bir nəfər Moskva şəhərinə çatdırılacaq bağlama yollayıb və onun içərisində narkotik maddə var imiş. Bağlama tapılan gün Abutalıb Məmmədov iş başında olmayıb. İş yerindən təqdim olunan rəsmi sənədlər də bunu bir daha sübut edir. Amma buna baxmayaraq, məhkəmə bacım oğluna 13 il cəza verdi. O, hər məhkəmə prosesində hakimlərin diqqətinə çatdırdı ki, istintaq zamanı onun həbsini əsaslandıran dəlillər (telefon danışıqları, əl izləri və s.) yoxdursa, necə həbs oluna bilər? Amma buna baxmayaraq, bu işdə təşkilatçılıq etməsi əsas göstərilərək o, 13 il müddətinə azadlıqdan məhrum edildi”. 

Bəhlul Məmmədov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verildikdən sonra Abutalıb Məmmədovun cəzası 10 ilə endirildi: “Artıq 6 ildir ki, bacım oğlu günahsız yerə həbsdə yatır. Faciəmiz təkcə bununla bitmədi. Oğlunun günahsız yerə həbs olunmasından sonra atası Şirzad Məmmədov ürək xəstəliyindən vəfat etdi. Daha sonra məhkumun bacısı xərçəng xəstəliyinə tutuldu və az sonra o da dünyasını dəyişdi. Ötən müddət ərzində iki azyaşlı uşaqlarla baş-başa qalan, çox sayda sosial problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkən Abutalıb Məmmədovun həyat yoldaşı Sevda Məmmədova hazırda əsəb xəstəliyindən əziyyət çəkir, ailənin dolanışıq yeri yoxdur”.

Bəhlul Məmmədov dəfələrlə Əfv Komissiyasına, eləcə də dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya, ombudsman Elmira Süleymanovaya müraciətlər edildiyini, Abutalıb Məmmədovun bağışlanmasının istənildiyini qeyd edib: “Bu xahişləri həm mən, həm də Sevda Məmmədova edib. Amma indiyə qədər bizə müsbət cavab verən olmayıb. Bizim müraciətimizin dövlət başçısı, hörmətli İlham Əliyevə çatdırılmadığını bilirəm. İnanıram ki, əgər məktublarımızdan biri ona təqdim olunarsa, dərhal müsbət cavab alarıq”.

B.Məmmədov dəfələrlə Ombudsman Aparatına müraciətindən və əlaqədar şəxslərin qəbuluna düşəndən sonra bacısı oğlu ilə bağlı belə bir cavab alıb ki, onun adı yalnız cəzasının yarısını çəkdikdən sonra əfv sərəncamına düşə bilər: “Artıq Abutalıb Məmmədov 6 ildir ki, həbsxanadadır, amma buna baxmayaraq bizim şikayətimiz təmin olunmur”.

B.Məmmədov onu da xatırladıb ki, Abutalıb Məmmədov Qarabağ Müharibəsi veteranı olmaqla yanaşı şəhid ailəsinin üzvüdür. O, 1992-ci ildə Qarabağda könüllü döyüşən əsgərlərimizdən biri olub, yaralanıb və kontuziya alıb . Hazırda da bu xəstəlikdən əziyyət çəkir. Bundan əlavə Abutalıb Məmmədovun qardaşı İlqar Şirzad oğlu Məmmədov 1992-ci il sentyabrın 19-da Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib və itkin düşüb. Abutalıb Məmmədovun dayıları - Məmmədov Məhərrəm və Məmmədov Tağı Qarabağda gedən döyüşlərdə şəhid olublar. 

B.Məmmədov sonra bir daha “Qaynar.info” vasitəsilə dövlət başçısı, cənab prezident İlham Əliyevə müraciət etdiyini, 2 azyaşlı övladı olan, cəzasının yarıdan çoxunu dəyişən, müharibə veteranı Abutalıb Məmmədovun əfv olunmasını xahiş edib.

Qaynar.info