"Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən və şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin də adının əbədiləşdirilməsinə ehtiyac var".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Deputatın fikrincə, bu, çox gözəl təklifdir:
"Tarixi şəxsiyyətlərin adları da verilməlidir, bu nümünəvi haldır. Eyni zamanda, vətən müharibəsində böyük qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz olub. Onlar şəhidlik zirvəsinə yüksəldi. Onların da adının əbədiləşdirilməsinə ehtiyac var. Ümidvaram ki, bu həyata keçiriləcək. Bütün işğaldan azad olunmuş rayon, şəhərlərimizin kənd və qəsəbələrinə igid əsgər və zabitlərimizin adları veriləcək. Onların da adı əbədiləşdiriləcək".
Fəzail Ağamalı hesab edir ki, bu, ədaləti özündə ifadə edər:
"Düşünürəm ki, bu, sosial şəbəkələrdə müzakirə olunursa və həmin müzakirəyə biz də qoşuluruqsa, yəqin ki, müvafiq qurumlar tərəfindən məsələ nəzərə alınacaq və araşdırılacaq. Araşdırılmalardan sonra bu öz həllini tapacaq. Ehtiyac olarsa, Milli Məclisdə də həmin məsələni qaldırıb aktuallaşdırarıq".
Bahar Rüstəmli