Xəbər lenti

“Qarabağ”ın sabiq futbolçusu: “Keçən illə müqayisədə zəifləyiblər”
İdman 14:46 03.08.2023

“Qarabağ”ın sabiq futbolçusu: “Keçən illə müqayisədə zəifləyiblər”

"Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşa klubu "Rakuv”a uduzaraq mübarizəni dayandırdı. Qurban Qurbanovun baş məşqçisi olduğu son Azərbaycan çempionu Avropa Liqasının üçüncü təsnifat mərhələsində yarışacaq. Sözügedən mərhələdə Finlandiya təmsilçisi HJK ilə qarşılaşacaq ağdamlıların hazırkı durumu birmənalı qarşılanmır. Komandanın Avroliqanın qrup mərhələsinə qədər irəliləyəcəyini də düşünənlər var, əksini fikirləşənlər də. Bəs nəyə ümid edək? Əsas çatışmazlıqlar nə ilə bağlıdır?

"Qarabağ”ın sabiq futbolçusu Elmir Xankişiyev Qaynarinfo-ya açıqlamasında bu sualları cavablandırıb. Mütəxəssis Ağdam təmsilçisinin bu mövsüm nisbətən zəiflədiyini bildirib:

"Qarabağ”ın mərhələ adlayacağını gözləyirdim. Ancaq sizə deyim ki, rəqib də asan deyildi. Eyni səviyyədə olan komanda idi. Mükəmməl bağlanmışdılar, fiziki cəhətdən də güclü idilər. Bakının istisinə dözüb o qədər qaçdılarsa, deməli, fiziki durumları yaxşı idi. Taktiki cəhətdən də yaxşı oynadılar. "Qarabağ” asan rəqibə məğlub olmadı. Komanda daxilində olmadığım üçün niyə belə zəif təsir bağışladıqlarını deyə bilmərəm. Yəqin ki, məşqçilər analiz edib nəticə çıxaracaqlar. Komanda keçən illə müqayisədə bir qədər zəifləyib. Ramil Şeydayev, Musa Qurbanlı getdi. Gələnlər də tam uyğunlaşa bilməyib. Buna baxmayaraq, Polşa komandasını bəyəndim, zəif deyillər”.

Bu oyunla və heyətlə Avroliqanın qrupuna düşməyin çətin olacağını deyənlər çoxdur. Bəs Xankişiyev nə düşünür:

"Qarabağ” Finlandiya komandası HJK ilə oynayacaq. Açığı, o komandanı tanımıram, indiki vəziyyətlərini bilmirəm. Ancaq daim avrokuboklarda oynayırlar. İnşallah Avropa Liqasında özlərini yaxşı tərəfdən göstərərlər”.

Mütəxəssis çatışmazlıqlardan da danışdı:
 


"Eyni üslubda oynayırlar. Keçən il Kadi var idi, çox güclü idilər. İndi hücum xətti zəifləyib. Komanda yenidir, "Qarabağ” getdikcə sürət yığır, formalaşır. Neçə illərdir belə görürük. Ümid edirəm ki, Avroliqada rəqibini keçərək yavaş-yavaş formasını bərpa edəcək”.

Sabiq futbolçu son vaxtlar səhvləri ilə gündəmdə olan Şahruddinlə bağlı fikirlərini də bölüşüb:

"Futbol komanda oyunudur. Bütün oyunçular səhv edə bilər. Düzdür, Şahruddin ilk oyunda səhvlər buraxdı. Futbolçular robot deyil ki, daim eyni səviyyədə oynasın. Nə vaxtsa səhv edirlər. Komanda şəklində Şahruddinə dəstək olub, onu vəziyyətdən çıxarmaq lazımdır. Bu dəfə onu psixoloji çətinlikdən çıxarmağa "Qarabağ”ın gücü çatmadı. Futbolçunun həmişə səhvləri olur. Ona təzyiq etmək lazım deyil, qarşıda oyunlar var. Bir tərəfdən baxanda, Şahruddini "kəsib atmaq” da olmur. Ən yaxşı dərman onu gələcək oyunlara hazırlamaqdır. Üstünə getdikcə, daha da pis vəziyyətə düşəcək. Komandanın məşqçiləri var, hansı qapıçılarla yola çıxmaqlarına onlar qərar verir. Bizim belə şeylərə reaksiya verməyimiz düzgün deyil”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->