"Ermənistan hakimiyyəti Azərbaycanla gələcək sülh müqaviləsində və ya delimitasiya sənədində Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququndan kənara çıxsa, həmçinin ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyan müddəa ilə razılaşsa, Konstitusiyanı pozmuş olacaq".
Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan” və "Şərəf” fraksiyalarının təşkil etdiyi dinləmələrdə hüquqşünas, konstitusiya hüququ sahəsi üzrə ekspert Vardan Poqosyan deyib.
O hesab edir ki, Ermənistanın imzaladığı istənilən beynəlxalq sənəd ilk növbədə ölkənin fundamental qanunlarına uyğun olmalıdır. Yalnız bundan sonra parlament onu ratifikasiya etmək hüququna malikdir.
"Əgər sülh müqaviləsində Ermənistanın de-fakto və ya de-yure "Artsax”ın öz müqəddəratını təyinetmə hüququndan imtina etdiyi müddəalar varsa, o zaman ölkənin Konstitusiya Məhkəməsi sənədin Konstitusiyaya və Müstəqillik Bəyannaməsinə zidd olduğunu qeyd etməli olacaq", deyə Poqosyan bildirib.
Eyni zamanda ekspert hazırkı hakimiyyətin yanında Konstitusiya Məhkəməsinin belə bir addım atacağına şübhə ilə yanaşır. O, cəmiyyəti hakimiyyətdən Konstitusiyanın bütün tələblərinə şübhəsiz əməl etməyi tələb etməyə çağırıb.
Poqosyan hökumətin 1991-ci ildə Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə bəyanatını konstitusiya normalarının təhrifi hesab edir. Onun fikrincə, Alma-Ata Bəyannaməsi və bununla bağlı protokollar heç bir halda Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması kimi şərh edilə bilməz. Bu mənada Poqosyan hesab edir ki, görünür, Azərbaycan hakimiyyəti Ermənistan Konstitusiyasını Ermənistan rəhbərliyinin özündən yaxşı bilir.
Alpər