Azərbaycan Premyer Liqasında II tura yekun vuruldu. İlk turda debütant "Araz Naxçıvan"ı məğlub edən "Turan Tovuz" (2:0) üçün II tur elə də uğurlu olmadı. Son çempion "Qarabağ"ı qəbul edən əyalət klubu rəqibinə 0:3 hesabı ilə uduzdu.
Qaynarinfo-ya danışan "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyevin komandasının çıxışını dəyərləndirib:
- Komandada vəziyət necədir? Hazırlıqlar necə gedir?
- Şükürlər olsun ki, vəziyyət yaxşıdır. Bu gündən məşqləri bərpa edirik. Qarşıdakı matçlara hazırlaşacağıq.
- İlk turda qələbə qazansanız da, ikinci turda "Qarabağ"a məğlub oldunuz. Matçla bağlı fikirləriniz?
- İlk turdakı uğurun davamını gətirmək istəyirdik. Nəticə qazanıb xallarımızı artırmaq niyyətində idik. "Qarabağ"la çətin olacağını bilirdik. Çünki ilk turda onlar da uduzduqları üçün bu matçda da xal itirmək istəmirdilər. İlk hissədə oyuna pis başlamamışdıq. Ancaq böyük klublar xırda səhvləri bağışlamırlar. Boşluq olan kimi cəzalandırırlar. Baş məşqçimiz də səhv etməməyi tapşırmışdı. "Qarabağ" da səhvlərimizdən yararlandı.
- Ötən mövsüm "Turan Tovuz" debüt ilində mübariz çıxışı ilə örnək oldu. Bu il də əzmkar "Turan Tovuz" görə biləcəyikmi?
- Ötən il də hər oyuna qələbə üçün çıxıb azarkeşlərimizi sevindirməyə çalışırdıq. Bu il komandamıza yeni oyunçular gəlib. Ötən ilki çıxışımızı, qazandığımız xalları yeni futbolçularımız bilir. Hər biri komandaya kömək etməyə çalışır. İnşallah, bu il də əzmkar futbol oynayıb, yaxşı nəticələr qazanmağa çalışacağıq.
- Bu həftə komandalarımız avrokuboklarda cavab matçına çıxacaqlar. Klublarımızdan hansı nəticəni gözləyirsiniz?
- "Qarabağ" evdə qalib gəlsə də, səfər matçı çətin olacaq. Real danışsaq, "Neftçi"nin şansı azdır. "Sabah" isə son vaxtlar möhtəşəm futbol oynayır. İnşallah, klublarımız qələbə əldə edib mərhələ adlayarlar. Hər birinin oyunu ağır olacaq. Hər üçünə uğurlar arzu edirəm.
Röya Kərimli