Birinci Divizionda ölkə çempionluğunu təmin edən "Qaradağ Lökbatan”ın futbolçusu Novruz Məmmədov təəsüratlarını bizimlə bölüşüb.
Komandanın çempionluğunda əsas pay sahiblərindən olan Premyer Liqa təcrübəli müdafiəçinin Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Çempionluğu təmin etdiniz, mövsümü necə dəyərləndirirsən, hansı çətinliklər oldu?
- Mövsümün əvvəlindən çox ciddi komanda, məsuliyyətli uşaqlar yığıldı və hazırlaşdıq. Məşqlərə, oyunlara, verilən tapşırıqlara çox ciddi yanaşdıq. Məqsədimizə çatmaq üçün hər şeyi ciddiyə aldıq. Əzmkarlığın, mehriban kollektivin sayəsində sonda bu nəticəyə gəldik. Düzdür, xal fərqi çox olsa da, önümüzdəki "Zaqatala” ilə oyunda qələbə qazanıb çempionluğumuzu rəsmiləşdirmək istəyirik.
- Mövsümün əvvəlində bu cür nəticə gözləntiləriniz vardı?
- Məqsədimiz bəlli idi - ən yüksək yeri tutmaq. Düzdür, Birinci Divizionda "Kəpəz”, "Turan Tovuz”, "Zaqatala” kimi yaxşı komandalar, əvəzedicilər var. İkinci yerlə arada bu qədər xal fərqi olacağını gözləmirdik. Sadəcə, qazandığımız qələblər, rəqiblərimizin bir-biriləri ilə oyunlardakı xal itkiləri bu nəticəyə gətirib çıxardı. Desəm ki, 10-15 xal fərqi ilə çempion olacağımızı gözləyirdim, bu, düzgün olmaz. Yenə də öz oyunlarımıza kökləndik. Bilirik ki, qələbələr qazansaq, nəticələrimiz yaxşı olacaq. Füzuli Məmmədov çox tələbkar məşqçidir. Futbolçularla bağlı hər xırda detalı incələyirdi. Bizi daha da inandırmağının sayəsində bu uğuru qazandıq. Məşqçinin gördüyü iş böyükdür. Bu işlərin sayəsində çempionluğu əldə etdik.
- Premyer Liqa təcrübəsi olan bir futbolçu üçün durumu heç də yaxşı olmayan Birinci Divizionda oynamaq necə hissdir?
- Təbii ki, fərq var. Əvvəl Premyer Liqa və Birinci Divizion komandaları arasında fərq daha çox idi. Amma bu il elə olmadı. Kubokda iştirak edən Birinci Divizion komandaları Premyer Liqadakılarla başabaş mübarizə aparırdı. Son anda təcrübəsiz futbolçuların sayəsində məğlub olurdular. Çətinlik söhbətinə gəlincə, təbii ki, həm şərait, həm də oyunçuların yanaşması başqadır. Neyləmək olar? Vəziyyətə uyğunlaşmaq lazımdır.
- "Qaradağ Lökbatan” çempionluğu təmin etsə də, Premyer Liqada oynamamaq ehtimalı böyükdür. Buna nə dərəcədə hazır idiniz?
- Öz üzərimizə düşən işi görürük. Bundan sonrakı oyunlara da ciddi yanaşacağıq. Çempion olsaq belə, yanaşmamızdan əl çəkməyəcəyik. Premyer Liqaya yüksəlib-yüksəlməmək məsələsinə gəlincə, mən bilən bu, lisenziya məsələsi ilə bağlıdır.
- Komanda çempionata qoşulursa, şübhəsiz ki, daha yüksək liqaya çıxmaq məqsədi olur. Bunun baş verməyəcəyini bilə-bilə oynamaq çətin deyil?
- Başlayanda məqsədimiz o idi ki, çempion olaq. Çünki işimiz budur. Nəticə qazanaq, yaxşı olar. Keçən il deyirdilər, 10 komanda olacaq. Ancaq olmadı. Bu il də çox şey danışılır. Mövsümün sonunu, qərarları gözləmək lazımdır. Yəni oyunlara çıxanda Premyer Liqa haqda düşünmürdük. Bura yığışmışıqsa, gözəl mehriban kollektiv yaratmışıqsa, oyunlara da nəticə qazanmaq üçün çıxırdıq. Nəinki futbolda, həyatda da hər şeyə hazır olmaq lazımdır (gülür). Hər işin çətinliyi olur.
- "Turan Tovuz”la "Kəpəz”in Premyer Liqaya çıxmaması "Qaradağ Lökbatan”a haqsızlıq olmayacaq?
- Əziyyətimiz var. Neçə illərdir Birinci Divizionda çempion olurlar, amma Premyer Liqaya çıxmırlar. Mən "Xəzər”lə Azərbaycan çempionu olmuşdum. Amma lisenziya söhbətinə görə Yüksək Dəstəyə buraxılmadıq. Çempionluğu rəsmiləşdirmək qalıb. Haqsızlıqlar çoxdur. Amma biz əlimizdən gələni etdik, daha neyləyə bilərik? Bu, "yuxarıdakılar”a aid qərardır. Əsas odur ki, əziyyətimizin qarşılığını görürük.
- Karyeranla bağlı planların necədir?
- Yəqin ki, mövsümün sonu bilinəcək. Komandaların sayı çoxalandan sonra təklif olsa, davam edə bilərəm. Çünki yerli futbolçu qıtlığı var. Demirəm ki, harasa gedəcəyəm. Amma imkan ola bilər.
- Birinci Divizionda qalmalı olsanız, karyeranı bitirmək fikrinə düşməyəcəksən? Bu sənin oyununa hər hansı şəkildə təsir edə bilər?
- Sağ olsun, Füzuli müəllim bizi işimizə elə kökləyib ki, hərtərəfli hazır vəziyyətdəyik. Həvsdən düşmək məsələsinə gəlincə, onsuz da hər kəs meydana çıxanda oynamağa çalışır. Həvəsdən düşmək olmaz. Ciddi yanaşmasan, zəif oynaya, zədələnə bilərsən. Çünki Birinci Divizionda meydançaların hansı vəziyyətdə olduğunu özünüz də bilirsiniz.
Səbuhi Həsənov