
"Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır" Konfutsi.
İki gün bundan əvvəl, gecə vaxtı, daha bir işıqlı insanı - Natiq Cəfərlini həbs etdilər. Natiq Cəfərli gecəni işıqlandıran, aydın fikirləri ilə zülmət məmləkətimizdə yol açırdı.
Natiq Cəfərlinin həbsi gecə oldu, zülmət gecədə. Amma bu həbsin səbəbləri, zülmət gecədə o qədər aydın görünürdü ki....
Natiq Cəfərli tək özü və ətrafı üçün deyil, bütün ölkə üçün şam yandıran insanlardan idi. Yorulmadan, çəkinmədən, şərin ən dərin yerlərinə gedib, aydınlıq yaradırdı.
Həm yazıları, həm də fikirləri ilə.
Natiq Cəfərli şüurlu formada çıxdığı yolun məsuliyyətini, ağırlığını, cəfasını bilən adamlardandır.
Özünün də dediyi kimi, uzun, incə bir yolda idi.
Nobel mükafatçısı Uliyam Qoldinqin "Milçəklər Kralı" romanı var. Ölkəmizin hazırkı durumunu aydın izah edən əsərlərdəndir. Zaman-zaman oxumaq lazımdır.
Qoldinqin “Milçəklər kralı” romanında hadisələr uzaq bir adada cərayan edir. Kimsəsiz adaya düşən 4-7 yaş arasında olan uşaqların ac qalmamaq, adadan çıxış yolu tapıb çıxmaq cəhdlərini təsvir edir.
Bütün bədii əsərlərdə olduğu kimi burda da xeyir və şər mübarizə aparır. Qoldinq təsvir edir ki, kiçik bir qrup olan bu çarəsiz uşaqlar qısa zamanda iki yerə bölünürlər: Xeyir qüvvələri təmsil edən Ralf, şər qüvvələri təmsil edən Cek.
Ralf adaya düşən uşaqlara od əldə etməyi, qaldıqları yeri təmiz saxlamağı, odun qorunmasının vacib olduğunu söyləyir. Amma Cek bununla razı olmur. O, ilk olaraq ət əldə etməyin vacib olduğunu, qalan şeylərin isə ikinci dərəcəli olduğunu deyir.
Zaman-zaman Rafın dəstəsindən ayrılanlar, onu satanlar olur....
Amma Raf başa düşür ki, odu qorumadan bu kimsəsiz adadan çıxmaq mümkün deyil. Bütün mərhumiyyətlərə, döyülməyə, fiziki işgəncələrə baxmayaraq bunu sona kimi edir. Və elə sonda da Rafın odu sayəsində adadan qurturuluş olur.
Natiq Cəfərli belə idi. Dayanmadan odu qorumağın vacibliyini deyirdi...
Göründüyü kimi hər zaman bu kimi mübarizələr və seçimlər olub. Kimlərsə şərin, kimlər isə xeyirin yanında yer alıblar.
İndi bizim ölkədə vəziyyət belədir.
Mən gecənin ən dəhşətli qaranlığının sabaha yaxın olduğuna inanlardanam.
Məncə ölkə indi ən zülmət gecələrini yaşayır, amma aydınlıq da olacaq, mütləq olacaq!!!
Elkin Xəlilov
Qaynarinfo.Az