Xəbər lenti

Qardaş ölkəyə köçən şairə: “Türkiyə canım, ciyərimdir, amma...”
Ölkə06:30 19.09.2022

Qardaş ölkəyə köçən şairə: “Türkiyə canım, ciyərimdir, amma...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo Türkiyədə yaşayan azərbaycanlı şairə Həyat Şəmi ilə söhbəti təqdim edir.
- Həyat xanım, bildiyimə görə, bir ildir ki, Türkiyəyə  köçmüsünüz. Özü daimi olaraq. Yaradıcı insanlar üçün bu cür qərarlar vermək çətin elə olur elə bil...
- Yaradıcılıqla məşğul olanın harda yaşaması, nə işlə məşğul olması o qədər də  önəmli deyil, məncə. Əsas odur ki,  haraya gedirsən-get, yaradıcılıq ruhunu da özünlə götür. O ruhu tərk etmə... Mən Türkiyəyə köçməyə deyil, mənə dəyər verən və sevən insanla yaşamağa rahatca qərar verdim. Amma bunun ardınca da Türkiyəyə gəlməli, İstanbulda yaşamalı oldum. Əvvəllər düşünürdüm ki, qardaş Türkiyədən başqa dünyanın heç bir ölkəsində, cənnət olsa belə, yaşaya bilmərəm. Bir tək Türkiyədə öz məmləkətim, doğma Vətənim kimi yaşaya bilərəm. Bu bir ildə anladım ki, doğma Vətən bambaşqaymış. Vətən üçün burnumun ucu göynəyir. Darıxa-darıxa yaşamağa davam edirəm. Vətənimin, məmləkətimin quruca daşına da qurban olaram. Türkiyə canımdır, ciyərimdir, amma Azərbaycanım deyil... Beləcə, Türkiyə sevdam, İstanbul hekayəm davam etməkdədir, qismətdən qaçmaq olmur, nə deyim.
- Türkiyəyə qürbət demək olarmı, sizcə? Deyirlər, qürbətdə yaşamaq çox çətindir.
- Türkiyə qürbət deyil, Türkiyə əkiz tay vətənimizdir. Qürbət məndən uzaqda, vətən mənim içimdə... Bu son cümlələri Mehmet bəy - eşim deyir: "Bütün dünya türklərinin ana vətəni  Türkiyədir. Dünyanın harasında olursa-olsun türk toplumları bir zülmə məruz qaldısa, köçməyə məcbur oldusa, üz tutduqları yer Türkiyə olub. Türkiyə türk üçün qürbət ola bilməz.
Ziya Gökalp deyir: "Demə bana oğuz, qayı, osmanlı. Türküm, bu ad hər ünvandan üstündür. Yoxdur özbək, noqay, qırğız, kazanlı, türk milləti bir bölünməz bütündür”. Amma yenə də öz ölkən bambaşqadır.
- Bu bir il ərzində Türkiyədə ədəbi mühiti ilə azdan-çoxdan əlaqə yarada bilmisinizmi? Onlar Azərbaycan ədəbiyyatı ilə tanışdırlarmı, düşüncələri, fikirləri necədir bizimkilər haqda.
- Azərbaycan ədəbiyyatının klassiklərini bütün dünya tanıyır, bilir, onsuz da. Çağdaş şair və yazıçılarımız, onların əsərləri isə Türkiyədə ədəbiyyatla ilgisi olan hər kəsə tanışdır. Mənim Türkiyə ədəbi mühitiylə canlı tanışlığım hələ 2003-cü ildən başlayıb. Belə ki, 2003-cü ildə TÜRKSOY-un düzənlədiyi  Şairlər buluşmasında iştirak etmişdim. O vaxtdan dostluqlar qurduğum arkadaşlarım canlı əlaqələrimin təməli oldular. Bu gün də onlarla görüşür, tədbir və etkinliklərində iştirak edirəm. Azərbaycan ədəbiyyatı və dilinə maraq böyükdür burda. Bizi, gerçəkdən sevir və sayırlar.
- Sizcə, mədəniyyət, ədəbiyyatın inkişafı, təbliği ilə bağlı Türkiyədən nəsə əxz edə bilər, nümunə götürə bilərkmi?
- Türkiyədə mədəniyyətə, onun bütün sahələrinə özənlə yanaşma, sahiblənmə duyğusu yüksəkdir. Sadə bir misal gətirim, Çanaqqalada yaşayan şair arkadaşım var, Fikrət Çelik. Onun kitablarını müqaviləylə Kadran Medya & Yayınçılık çap edir, tanıtımını qurur, kitab fuarlarında sərgiləyir. Belə nümunələr artıq Azərbaycanda da bir ənənə halını almaqdadır. Bunlar gözəl hallardı, təqdirəlayiqdir. Məncə, biz Türkiyədə baş verən hər hansı bir ədəbi innovativ proseslərə biganə deyilik və ardınca gəlirik. Nə gözəldir, deyilmi?
- Sizin bir kitabınızın adı belə idi səhv etmirəmsə: "Gecəgözlü həyat". Gecəgözlü sizin doğulduğunuz kəndin adıdır, səhv etmirəmsə. Maraqlı addır. Bu adın etimologiyası ilə maraqlanmısınızmı. Bir tarixçi kimi bu haqda fikirləriniz maraqlı olardı.
- Doğrudur, 2009-cu ildə çıxan kitabımın adıdır: "Gecəgözlü həyat”. Mənim kəndimin adıdır Gecəgözlü. Maraqlı və eyni zamanda tarixi addır. Yadımdadır, Bakı Dövlət Universitetində oxuduğum illərdə müəllimlərim mənə "Qaragözlüdən gələn qaragözlü qız" deyirdilər. Əslində Gecəgözlü sözünü yadlarında Qaragözlü olaraq  saxlayırdılar. Gecəgözlü sözü, Qarabağ xanlığı dövründə xan sarayında önəmli yer tutan Cavanşirlər tayfasının bir tirəsi, yəni qolu olub. Bu adı onlara gecə zamanı gündüzdə olduğundan daha yaxşı döyüşə bildikləri üçün veriblər. Çox döyüşkən və gözüaçıq bir tayfa olublar.
- Siz də o ağır günləri, işğal dövrünü görmüş, yaşamış adamsınız. Necə xatırlayırsınız o günləri, illəri...
- 1993-cü il avqustun 23-də Füzuli şəhəri və ətraf kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal olunanda mən kənddə idim. Yay tətilinə çıxmışdıq, müharibə getməsinə rəğmən, tətilimi öz evimizdə keçirmək istəmişdim. Bir də davam edən Qarabağ savaşını öz gözlərimlə görmək, o tarixi günləri canlı yaşamaq varmış qismətimdə. İnanın ki, avtomat səslərinin necə yaxınlaşdığını indiki kimi xatırlayıram. Atam, anam və mən kənddən ən sonda çıxanlardan idik. "Qrad”lar atılanda başımızın üstündən vızıltıyla gəlib keçir, 500-600 metr uzaqlıqda məsafələrə düşürdü. Heyif o yurdumuzdan, bağımızdan, torpağımızdan, evimizdən, çox heyif. Erməni mənfurları Qarabağı boş düzəngaha, xarabaya çeviriblər. Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun sayəsində doğma torpaqlarımız işğaldan azad olundu, şükürlər olsun!
2016-cı ildə Artişok şirkətinin təşəbbüsü ilə "23 il torpaq həsrətində" adlı bir sənədli film də çəkmişdik. Senari müəllifi və aparıcısı mən idim. Artıq o film də bir arxivə çevrildi. Şair Şəhriyar Delgeraninin bir məşhur cümləsi var: "Allah necə haqdı", o cümlə burada yerinə düşdü.
Biz torpaqlarımızı necə itirmişdiksə, eləcə də haqlı savaşımızla geri aldıq. Haqq nazilər, üzülməz.
- Kəndiniz işğaldan azad olunanda hansı hissləri keçirdiniz, nələr yaşadınız?
- Necə bir hiss keçirdim, deyim sizə. Elə bil ki, itkin düşmüş, yaxud ölmüş bir yaxın insanımın "sağdır, yaşayır" xəbəri gəlmişdi. Nitqim tutuldu, gözlərimdən yaş açıldı. Bu qədər...
Torpaq da doğma insanlar kimidir, sevirsən, itirmək istəmirsən. İtirəndə də üzülürsən, tapanda da... tapdıq o torpaqları, amma necə, hansı vəziyyətdə? Dünya şahid oldu. Sən demə, bizdən çox o torpaqlar üzülübmüş, ölüb-dirilibmiş. İndi dirçəliş mərhələsindəyik, o torpaqları dirçəldib, dirildib 30 il öncəkindən də gözəl hala gətirəcəyik, inşallah!
- Hamıya verdiyim ənənəvi sualı sizə də verim: mütaliə edə bilirsinizmi, kimləri oxuyur, bəyənirsiniz?
- Mütaliəni sevirəm, onunla hüzur buluram, rahatlaşıram. Bakıdan gələn dostlarımın mənə ilk hədiyyəsi yeni çıxan kitabları olur, oxuyuram sevə-sevə. Ən son oxuduğum kitab isə Corc Oruelin kitabları oldu. Məsələn, "1984". Yazıçı sovet sisteminin özəlliklərini dibinə qədər bilirmiş. Kitabı 1949-cu ildə çap etdirir, amma 1984-ü yazır, təsvir edir. 37-ci illərin ab-havası vurdu məni kitabdan.
- Uzun müddət Milli Televiziya və Radio Şurasında çalışmısınız ekspert kimi. Sizcə, televiziyalarımızın ən ciddi problemi nədir?
- 18 il MTRŞ-də baş məsləhətçi vəzifəsində işlədim. Yerimdə saydım, hə (gülür). Peşə fəaliyyətimə ən böyük qiyməti Prezidentimiz verib. 2019-cu ildə "Tərəqqi"  medalı ilə təltif olundum. Bizim Azərbaycan teleməkanında ən acınacaqlı hal sosial xarakterli və musiqili-əyləncəli proqramlardadır. Hər zaman bu çatışmazlıqları düzəltməyə, aradan qaldırmağa çalışdıq. Birdən-birə heç nə və heç kim düzələn deyil. Tədrici proseslə nail oluruq bunlara. Teleməkan mənim peşə yurduma çevrildi 18 ildə. İndi də bəzi vərdişlərimdən əl çəkə bilmirəm. Bəzən efiri izləyərkən rastlaşdığım bəzi hallara,  qeyri-ixtiyari olaraq, "vay, qanun pozuntusu bu" deyirəm. Sonra da özümə gəlirəm ki... Mən işimi çox sevirdim və sevirəm. Ən ciddi problem bizim bəzi aparıcılarımızdadır. İnformasiyasızlıq, xarakterini efirə çökdürmə halları, dili doğru bilməmələri və s. Məncə, yetər...
- Yeni fikirlər, yeni planlar, yeni yazılar varmı?
- İki kitab var planda, reallaşdıra bilsəm, inşallah. Məni hər kəs, hər şey tərk edə bilər və ya mən hər kəsi, hər şeyi tərk edə bilərəm, amma yaradıcılıq ruhum hər zaman mənimlə olacaq.
Ağa Cəfərli