Xəbər lenti

Qardaşımız Moralisə çatdırın ki...
Hüseynbala Səlimov
Siyasət12:16 25.11.2019

Qardaşımız Moralisə çatdırın ki...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüseynbala Səlimov

Tanrı heç kimi tək qoymasın – necə ki, bizi 90-cı illərdə tək qoymadı. Bəli, o vaxt, yəni hələ 1993-cü ildə biz tək qalmadıq. Tezliklə uzaq Haitidə də "qanuni hakimiyyət” devrildi, "qanuni prezident” Aristid ölkədən qaçdı və biz də belə qərara gəldik ki, Aristidin də hüquqlarını qorumaq bizim boynumuza düşür.

Ona görə də hər dəfə yazılarımızda, çıxışlarımızda Azərbaycanın "qanuni prezidenti” ilə birlikdə Aristidin də adını çəkirdik. Deyim Sizə ki, bu da nəticəsiz olmadı, tez bir zamanda amerikalılar Aristidi qaytarıb yerinə oturtdular və tez də qanuni yolla bir başqası ilə əvəz etdilər, amma bizim "qanuni prezident”dən soraq verən olmadı və düz 1998-ci ilə qədər Azərbaycanın "qanuni prezidenti” özünün doğma kəndində yaşadı, yalnız 1998-ci ildə başa düşdü ki, o, heç kimə lazım deyil, heç kim onu axtarmır və heç kim də ondan ehtiyat etmir.

Odur ki, bir gün SSRİ sözünü kəsib çıxardığı sovet pasportunu götürüb Naxçıvan aeroportuna və oradan da uçub Bakıya gəldi. Beləcə, Azərbaycanda "qanuni hakimiyyət” bərpa olunmadı, amma həqiqətən də qanuni nə vardısa, o, da yerini tutdu.

Qanuni olanı isə bu idi ki, o vaxtkı hakimiyyətin özünü 98-ci ilə qədər qanuni, əsl prezident sayan AXC sədrilə heç bir problemi yox idi, onun Bakıya qayıdıb həm də "siyasət”lə məşğul olmasının əleyhinə də deyildi, onun özünü hələ də "qanuni prezident” saymasına gəldikdə isə bundan da qeyzlənmir və hətta bunu da şirin zarafat kimi qəbul edirdilər.

Bəli, ara yerdə qanuni hüquqları pozulan biz olduq: bəli, biz gənclər ən gözəl illərimizi "qanuni hakimiyyətin” hüquqlarını müdafiə etməyə həsr elədik və fəriqnə varmadıq ki, bu gün dillərdən düşməyən siyasi mühacir qalmaqalı kimi elə "qanuni prezident” məsələsi də beş-üç nəfərin siyasi biznesi idi...

Nə isə, beş–on il keçdi, bu film–serial da bitdi: bəzi qəhrəmanlar hətta dünyasını, digərləri isə şəhərdəki ünvanlarını, daha fərasətliləri isə ölkələrini dəyişdilər və həmişəki kimi, boş-bekar qaldıq biz. Amma yox, yavaş–yavaş biz də özümüzə başqa mövzu tapdıq, daha "qanuni hakimiyyətin” bərpasından, onun "hüquq”larının müdafiəsindən yox, əsl hakimiyyətdən yazmağa və daha realistcəsinə düşünməyə, sərsəm siyasi planlar qurmamağa və ən əsası da daha sərsəm siyasi planların arxasınca getməməyə çalışdıq.

Amma adam bir şeyi vərdiş etməsin, elə ki, vərdiş etdi, onu çətin tərgidir. Bizim cavanlıq məşğuliyyətimiz də belədir – hər dəfə haradasa kiminsə bəxtsiz siyasi taleyi yarı yolda qırılanda yadımıza düşürdü ki, axı biz bu sahədə - hakimiyyətdən salınmış və yaxud da "seçilib”, amma yerində otura bilməyən prezidentləri, necə deyər, ovundurmaq sahəsində çox böyük mütəxəssislərik, belə məsələlərə illər, qərinələr həsr eləmişik.

Boliviya prezidenti Moralesin ürəkləri dağlayan qəziyyəsi haqqında eşidəndə də beynimizdən keçən ilk fikir də məhz bu oldu: yadımıza Aristid müəllim düşdü və düşündük ki, vallah, əlimiz yüngül, dualarımız keçərlidir; nə olar, Morales qardaşımızı da bir qandıran ola ki, uzaq Azərbaycanda belə adamlar var. Bu adamların işi isə dünyanın bütün "qanuni prezident”lərinin hüquq və ya haqlarını qorumaqdır, bu sahədə onların tayı-bərabəri yoxdur, yazdıqları daşdan keçir. Elə yazırlar, şimallı-cənublu bütün Amerikada bir ağlaşma qopur ki, Atlantik okeanın səviyyəsi qalxır və daş ürəkli bəzi-para siyasətçilər insanları azdırmaq – çaşdırmaq üçün qayıdırlar ki, nə bilim, bu, filan qasırğadır, filan tufandır! Daha demirlər ki, bəs bunlar azərbaycanlı müxalif jurnalistlərin yazılarını oxumuş və bu yazılardan təsirlənmiş biçarə insanların göz yaşlarıdır...

Qərəz, bilmirəm, mənin dediklərimi Moralesə çatdıracaqlar, ya yox? Doğrusu, belə qərara gəldim ki, bunun cavabını gözləməyim: qardaşımızın başı indi bərk qarışıqdır, o özü də hər gün Boliviyanı və onun nankor insanlarını qarğımaqla, cadu etməklə və bunun üçün öz hindli baba-nənələrindən öyrəndiklərini bircə-bircə yazıb Boliviyanın sərhədləri boyunca basdırmaqla məşğuldur.

Onun cadu elminin sirlərinə vaqif olmasına zərrə qədər şübhəmiz yoxdur, çünki kökümüz eynidir və biz hamımız şamançılıq elminə bağlı insanlarıq. Amma təcrübə başqa şeydir və biz 1993-cü ildə bu cadu elmilə məşğul olanda qardaşımız Evo Morales heç bəlkə də siyasət və "qanuni hakimiyyət”in nə olduğunu bilmirdi.

Odur ki, Sizdən bir ricam var. Yolunuz o tərəflərə, Amerikaya sarı düşəndə bizim o növbəti nakam qardaşımıza deyin ki, Azərbaycanda bu işin – "qanuni hakimiyyət”in hüquqlarını müdafiə etməyin əsl ustaları var.

Üstəgəl, bu adamlar çox, olduqca fədakar insanlardır. Evo qardaş hakimiyyətə gəlsə, özü onların haqqını verər, yox, işdir, gəlməsə də, bir ziyanı yoxdur, bu adamların belə işlərdə səriştəsi çox böyükdür, haqq-muzd məsələsini də kimdən soruşmağı onlar özləri yaxşı bilirlər, çünki bütün nakam, yarımçıq prezidentlərin "haqq”ını yeyən bir siyasətçi olur və haqq məsələsini də elə o özü həll edir...