“Yollarda təcili yardım maşınlarını rahat hərəkəti üçün xüsusi zolaqların yaradılmasına ciddi ehtiyac var”. Qaynar.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və “Yol hərəkəti haqqında” haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, şəhərdə təcili yardım maşınlarının rahat hərəkəti üçün yollarda imkanlar yaradılmalıdır: “Təcili yardım maşınları yollarda onların keçməsi üçün xüsusi zolaqların yaradılmaması üzündən bir çox hallarda dəqiqələrlə tıxaclarda qalırlar. Hər kəs bilir ki, təcili yardıma ehtiyacı olan insanların həyatı bir çox hallarda saniyələrdən, dəqiqələrdən asılı olur və onların xəstəxanaya gecikməsi bəzən ağır faciələlə nəticələnir. Günün birində o təcili yardım maşının içərisində hər birimiz ola bilərik. Çox təəssüf ki, bir çox hallarda sürücülər təcili yardım maşınlarının tez keçib gedə bilməsi üçün şərait yaratmırlar və təcili yardım maşınları tıxaclarda ilişib qalırlar. Mən bütün sürücüləri bu məsələdə həssas olmağa çağırıram, bu sahənin tənzimlənməsinə cavabdeh dövlət qurumlarını isə bu məsələni təcili tənzimləməyə çağırıram. Yollarda təcili yardım maşınlarını rahat hərəkəti üçün xüsusi zolaqların yaradılmasına ciddi ehtiyac var”.
Millət vəkili Qənirə Paşayeva nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə və normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə cərimələrin artırılması ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, bu sahədə vəziyyəti təkcə cərimələri artırmaqla düzəltmək mümkün deyil: “Bu sahəyə cavabdeh orqanların öz işini təkmilləşdirməsinə ciddi ehtiyac var”.
Millət vəkili deyib ki, cərimələrin artması ondan sui-istifadə hallarının artmasına deyil, qanunun yüksək səviyyədə yerinə yetirilməsinə xidmət etməlidir. O, bir çox avtomobil sürücülərinin əhalinin narahatçılığına səbəb olan səsgücləndirici siqnallardan və müxtəlif alətlərdən istifadə hallarını davam etdirdiklərini bildirib: “Bir avtomobil təcili yardım maşınının səsi ilə hərəkət edir, Yaxud görürsən ki, avtomobildən hansısa heyvan səsi çıxır, yaxud əhalinin narahatçılığına səbəb olan müxtəlif siqnallardan istifadə edilir. Dövlət Yol Polisi əməkdaşları bu məsələyə ciddi diqqət yetirməli və bu hallara qısa zamanda son qoyulmalıdır”.
Eyni zamanda millət vəkili Qənirə Paşayeva cərimələrin sərtləşdirilməsinə baxmayaraq, hələ də bir sıra avtomobillərdə plyonkaların olduğunu bildirib və bununla bağlı da ciddi işlərin görülməsinə ehtiyac olduğunu deyib: “Bu məsələlərlə bağlı sui-istifadələrə yol verilməməlidir. Qanun hamıya eyni dərəcədə tətbiq olunmalı və onun tətbiqi zamanı bu qanunu icra edənlər öz məqsədləri üçün sui-istifadə hallarına yol verməməlidirlər.”
Sürücülük vəsiqəsi almaq üçün tibbi arayışın verilməsi və avtomobillərə texniki baxışın formal bir xarakter daşımamalı olduğunu deyən millət vəkili Qənirə Paşayeva yeni avtomobillərin ancaq alındıqdan 4 il sonra ilk texniki baxışdan keçirilməsinə, 4 ildən sonra 10 il tamam olana qədər isə hər 2 ildən bir 1 dəfə texniki baxışdan keçirilməsinə dair dəyişikliyi dəstəklədiyini deyib. Millət vəkili hesab edir ki, bu dəyişiklik sürücülər arasında müsbət qarşılanacaq və hər il texniki baxışdan keçmə kimi hallara son qoyacaq. Qaynar.info