Siyasət 14:36 26.07.2022

Qərb-Rusiya qarşıdurması: Azərbaycan hansı tərəfdə olmalıdır? (ŞƏRH)

"Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində yaranan yeni şərait dünya siyasətini müəyyən edən dövlətlərin xarici siyasət sahəsində daha çevik davranması üçün zərurət yaradır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın və Rusiyanın Azərbaycana diqqətinin artmasını və bunun fonunda supergüclərin Bakıdan istəklərinin pərdəarxası məqamlarını şərh edərkən deyib. Müsavat başqanı hesab edir ki, Rusiya yaxın qonşu dövlətlərlə əməkdaşlıq şəraitini və bu ölkələr üzərində təsir imkanlarını qorumağa çalışır:

"ABŞ isə bu müharibədən sonra Rusiyanın dünyanı nüvə silahı ilə təhdid edən, Rusiya iomperiyasını bərpa etmək iddialarında olan, qonşu dövlətlərini suverenliyini, ərazi bütövlüyünü şübhə altına alan bir dövlətdən zəifləmiş, dünya güclərindən biri kimi sıradan çıxmış dövlətə çevrilməsinə çalışır. Azərbaycan həm ciddi bir neft-qaz ehtiyatlarına malik olan ölkə, həm də NATO dövləti olan Türkiyənin müttəfiqi kimi bu qarşıdurmada qüvvələr balansının müəyyənləşməsinə təsirli rol oynaya bilər”. 

Arif Hacılının fikirincə, belə şəraitdə Azərbaycana marağın artması təbiidir:
 


"İstər ümumbəşəri dəyərlər, ədalət prinsipi, istərsə də Azərbaycanın milli maraqları bizdən Ukrayna ətrafında formalaşan koalisiyada olmağı tələb edir. ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Səmimi olaraq buna çalışır. Münaqişənin lap əvvəlindən belə müqavilənin bağlanması üçün ikinci dəfədir ki, belə şərait yaranır. Azərbaycan tərəfi Rusiyanın bu prosesə təsir imkanlarının məhdudlaşdığını da nəzərə alaraq sülh müqaviləsinin bağlanması üçün səyləri artırmalıdır”.

Partiya başqanı vurğulayıb ki, Azərbaycan hakimiyyəti xarici siyasət sahəsində kifayət qədər aydın görünən istiqamətləri müəyyən edib, Müsavat Partiyasının da tövsiyələrini nəzərə alıb və düzgün qərarlar qəbul etsə, postmüharibə dövründə dünya birliyində mövqeyi möhkəmlənəcək, təsir imkanları artacaq. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Rusiya-Qərb qarşıdurması indi qismən də olsa, Yaxın Şərq və Cənubi Qafqaz bölgəsinə şamil olunub:
 


"Çünki Avropa istiqamətində sanksiyalar nəticəsində Rusiya tam izolyasiyaya düşüb. Onun iqtisadi və siyası fəallığı indi cənub istiqamətində daha real və fəal görünür. "Astana üçlüyü”nün Tehranda görüşü də hesab edirəm ki, bizə bir siqnal verir. Təəssüflər olsun ki, onun barəsində az danışırlar və Qərb şərhçiləri bu mövzuya qəsdən fikir vermirlər. Söhbət ondan gedir ki, Qərb-Rusiya qarşıdurması nəticəsində Zəngəzur dəhlizinin əhəmiyyəti Rusiya üçün artıb”.
 
Sabiq nazir əlavə olaraq bildirib ki, bunun qarşısını almaq üçün Rusiya və Qərb indi bir-birinə qarşı müxtəlif addımlar artır: "Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi mövzusuna aid hansısa hadisələrin baş verməsi real görünür”.
Bahar Rüstəmli