ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya liderləri inkişaf etməkdə olan ölkələrdə infrastrukturu maliyyələşdirmək və Çinin trilyon dollarlıq "Kəmər və Yol” layihəsinə qarşı çıxmaq üçün 600 milyard dollar xərcləyəcəklərini vəd ediblər.
Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
ABŞ prezidenti Co Bayden və digər "Böyük yeddilər”in liderləri bu il Almaniyada keçirilən illik toplantıda yeni "Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq" proqramını işə salıblar. Proqram inkişaf etməkdə olan ölkələrdə ehtiyac duyulan infrastrukturu maliyyələşdirmək və Çinin köhnə, trilyonlarla dollarlıq "Kəmər və Yol” layihəsinə qarşı çıxmaq üçün beş il ərzində özəl və dövlət vəsaitləri şəklində 600 milyard dollar cəlb etməyi planlaşdırır. C. Bayden bildirib ki, ABŞ beş il ərzində aşağı və orta gəlirli ölkələrdə iqlim dəyişikliyi ilə mübarizəyə kömək edən layihələri dəstəkləmək, həmçinin qlobal səhiyyə, gender bərabərliyi və rəqəmsal infrastrukturu yaxşılaşdırmaq üçün qrantlar, federal fondlar və özəl investisiyalar şəklində 200 milyard dollar səfərbər edəcək.
"Açıq demək istəyirəm. Bu yardım və ya xeyriyyəçilik deyil. Bu, hamı üçün gəlir gətirəcək bir sərmayədir",- deyən Bayden, bunun ölkələrə "demokratiyalarla tərəfdaşlığın konkret faydalarını görməyə" imkan verəcəyini deyib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen toplantıda bildirib ki, Çin lideri Si Cinpinin 2013-cü ildə başlatdığı "Bir kəmər, bir yol” sxeminə davamlı alternativ yaratmaq üçün Avropa eyni müddət ərzində bu təşəbbüs üçün 300 milyard avro səfərbər edir.
Nurlan Hüseynov
Şərhlər