2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçirilməsi planlaşdırılan dünya çempionatının başlamasına dörd aydan az vaxt qalıb. Ölkə mundialın start tarixindən əvvəl möhtəşəm və gözəl stadionları nümayiş etdirir. 22-ci dünya çempionatı ərəb dünyasında keçirilən ilk mundial olacaq və bu, 2002-ci ildə Cənubi Koreya və Yaponiyada təşkil edilən turnirdən sonra tamamilə Asiyada keçirilən ikinci Dünya Kuboku olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında isə 48 komanda iştirak edəcək. Bu da o anlama gəlir ki, Qətərdəki turnir 32 komanda ilə baş tutacaq son dünya çempionatı kimi tarixdə qalacaq.
Ölkədəki hava şəraitinə görə yarış noyabrın sonundan dekabrın ortalarına qədər davam edəcək. Bu, həm də may, iyun və ya iyul aylarında, yəni yay fəslində keçirilməyən ilk turnir olacaq. Eyni zamanda təxminən 28 gün qısaldılmış vaxt çərçivəsində oynanılacaq. Noyabrın 21-dən start götürəcək turnirdən xeyli əvvəl oyunların baş tutacağı 8 stadionun hamısının tikintisi tamamlanıb.
Qaynarinfo görüntüləri ilə fərqlənən və bir çox texnoloji yeniliklərin tətbiq olunduğu həmin möhtəşəm stadionları təqdim edir:
"Al-Bayt” stadionu. Tutum: 60000.
Dizayner: Dar Əl-Həndasah.
Doha şəhər mərkəzindən məsafə: 43 km (27 mil).
Bu bina azarkeşləri "Aspire Zone” fondu tərəfindən təhvil verilən "Əl-Beyt Stadionu”nda qarşılayacaq. Ərəb qonaqpərvərliyini təmsil etmək üçün nəzərdə tutulmuş bu məkan Qətər 2022-nin yarımfinal mərhələsinə qədər doqquz matça ev sahibliyi edəcək və "beyt əl-şaar” kimi tanınan ənənəvi ərəb çadırına bənzəyən fasadla örtülüb. Stadionda ev sahibi Qətər və Ekvador arasında dünya çempionatının ikinci oyunu keçiriləcək.
"Al-Janoub" stadionu. Tutumu: 40000.
Dizayner: Dame Zaha Hadid.
Doha şəhər mərkəzindən məsafə: 23 km (14 mil).
Əl-Vakrah şəhərində yerləşən bina mərhum britaniyalı-iraqlı memar Dame Zaha Hadidin dizaynı əsasında tikilib, Futuristik "Əl-Cənub” stadionu dünya çempionatında 1/16 mərhələyə qədər yeddi matça ev sahibliyi edəcək. Dizayner Əl-Vakrahın keçmişinə hörmət olaraq məşhur "Dhov qayığ”ının (Dhow boat) yelkənlərindən ilhamlanıb. Stadionun innovativ soyutma sistemi və açılıb-bağlanan damından il boyu istifadə etmək imkanı var.
"Al-Thumama” stadionu. Tutum: 40,000.
Dizayner: "Arab Engineering Bureau" şirkəti.
Doha şəhər mərkəzindən məsafə: 13km (8 mil).
"Al-Thumama”nın dizaynerləri ərəb dünyasında kişilər tərəfindən əsrlər boyu geyinilən ənənəvi toxunma papaq olan "Gahfiya”dan ilhamlanıb. Bu, qətərli memar İbrahim M. Caydah tərəfindən dizayn edilmiş ilk dünya çempionatı məkanıdır. Stadion Qətər 2022-də 1/4 final mərhələsinə qədər səkkiz matça ev sahibliyi edəcək. Seneqal və Hollandiya arasındakı dünya çempionatının açılış matçı məhz bu stadionda keçiriləcək.
"Ras Abu Aboud” stadionu. Tutum: 40000.
Dizayner: "FIA Fenwick Iribarren Architects".
Doha şəhər mərkəzindən məsafə: 10 km (6 mil)
"Stadium 974” kimi tanınan "Ras Abu Aboud”, FIFA Dünya Kuboku tarixində ilk tam sökülə və təkrar istifadə edilə bilən qurğudur. "Fenwick Iribarren Architects” tərəfindən layihələndirilən 40.000 azarkeş tutumuna malik stadion yük konteynerləri və digər modul materiallardan istifadə edilməklə tikilib. Heyrətamiz Doha Kornişi və "West Bay” siluetinə baxan stadion Qətər 2022-də 1/16 mərhələyə qədər yeddi matça ev sahibliyi edəcək. Bu stadionda keçiriləcək ilk oyunlar noyabrın 22-də Meksika ilə Polşa arasında C qrupunun qarşılaşması olacaq.
"Khalifa International Stadium". Tutum: 40000.
Doha şəhər mərkəzindən məsafə: 13km (8 mil).
19 may 2017-ci ildə "Khalifa International Stadium" 40.000-dən çox azarkeşin qarşısında, Əmir Kubokunun finalına ev sahibliyi edərkən açılan ilk mundial stadionu oldu. "Aspire Zone”da yerləşən tarixi məkan əvvəllər Asiya Oyunlarına və AFC Asiya Kubokuna ev sahibliyi edib. Stadion Qətər 2022-də üçüncü yer üçün pley-off mərhələsinə qədər səkkiz matça ev sahibliyi edəcək. Stadionda İngiltərə və İran arasında B qrupunun açılış matçı keçiriləcək.
"Al-Rayyan” ("Ahmad bin Ali”) stadionu. Tutumu: 40.000.
Dizayner: "Ramboll" şirkəti.
Doha şəhər mərkəzindən məsafə: 22 km (14 mil).
"Al-Rayyan” stadionu mundialda 1/16 final mərhələsinə qədər yeddi matça ev sahibliyi edərkən, həm də Qətər mədəniyyətinin ən yaxşı nümunələrini ortaya sərəcək. Stadionun xarici fasadı Qətərin ticarət tarixindən, vəhşi təbiətindən tutmuş müxtəlifliyinə qədər mürəkkəb naxışlardan ibarətdir. "Al-Rayyan”ın səhra mənzərələri fasadda əks olunub. Ətrafında qonaqlar üçün qumsal formalı sahələr, dükanlar yerləşən stadionda ABŞ və Uels arasında B qrupunun qarşılaşması keçiriləcək.
"Education City Stadium". Tutumu: 40000.
Dizayner: "FIA Fenwick Iribarren Architects".
Doha şəhər mərkəzindən məsafə: 12km (7 mil)
"Education City Stadium" İslam memarlığının zəngin tarixinə əsaslanan və onu müasirliklə birləşdirən dizayna malikdir. Fasadda günəşin səmada hərəkəti ilə rəngini dəyişdirən mürəkkəb, almaz kimi həndəsi naxışlar yaradan üçbucaqlar yerləşir. Gecələr fasadda rəngarəng işıq şousu yaranır və onu daha da cəlbedici edir. Brilyantabənzər stadionun dizaynı keyfiyyət, davamlılıq və möhkəmliyi təmsil edir. Onun saxladığı xatirələr, həm də ölkə və region üçün gələcək dəyər baxımından qiymətli bir məkana çevriləcək. Noyabrın 22-də Danimarka və Tunis arasında D qrupunun açılış matçına məhz bu, ikonik stadion ev sahibliyi edəcək.
"Lusail” stadionu. Tutum: 80000.
Dizayner: "Foster + Partners" şirkəti.
Doha şəhər mərkəzindən məsafə: 16 km (10 mil)
Noyabrın 22-də bu stadionda Argentina və Səudiyyə Ərəbistanı arasında dünya çempionatının ilk oyunu keçiriləcək. 80.000 yerlik "Lusail” stadionu Qətərin ambisiyasını və ərəb mədəniyyətini dünya ilə bölüşmək ehtirasını təcəssüm etdirəcək. Bu möhtəşəm stadion üçün dizaynerlər fənəri xarakterizə edən işıq və kölgənin qarşılıqlı təsirindən ilhamlanıb. Məkan həm də sakinlərin ehtiyacları nəzərə alınmaqla xüsusi olaraq dizayn edilmiş, yeni tikilmiş, ən müasir meqapolis olan Lusailin mərkəzinə çevriləcək. Stadion Qətər 2022 FIFA Dünya Çempionatının finalına qədər on oyuna ev sahibliyi edəcək.
Səbuhi Həsənov