
Aprelin 18-də Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkənlərin kütləvi aclıq aksiyası başlayıb. Onlar işlərinə yenidən baxılmasını və ömürlük həbs cəzasının ləğvini tələb edirlər.
Aksiya iştirakçıları Azərbaycan ombudsmanına müraciətlərində bildirirlər ki, vaxtilə ölüm cəzasına məhkum ediliblər.
10 fevral 1998-ci ildə ölüm cəzası parlament tərəfindən ləğv edildikdən sonra isə onların cəzası ömürlük həbslə əvəz olunub.
Müraciət müəllifləri hesab edirlər ki, parlament səlahiyyətlərini aşaraq, məhkəmə hakimiyyəti hüquqlarını mənimsəyib. Məhbuslar hesab edirlər ki, həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinə görə ölüm cəzasının alternativi 15 il müddətinə azadlıqdan məhrumetmə idisə, onların işlərini fərdi olaraq məhkəmələrdə baxılmalı və məhz bu müddət üçün cəza çıxarılmalı idi. Yaxud da, onlar ölüm cəzasının 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə ilə əvəz edən prezident tərəfindən əfv olunmalı idilər.
Müraciət müəllifləri bəyan edirlər ki, ombudsman onların hüquqlarının bərpası üzrə görülən tədbirlər haqqında cavab verənə qədər müddətsiz aclıq aksiyasına başlayırlar.
Penitensiar Xidmətdə aclıq aksiyası faktını təsdiq ediblər və aksiyada 19 nəfər iştirak etdiyini bildiriblər.
10 fevral 1998-ci ildə ölüm cəzası ləğv edilərkən Azərbaycanda bu cəzaya məhkum edilmiş 128 nəfər var idi. Hazırda onların 77 nəfəri sağdır.
Turan