Vüsal Bağırlı
Yaşadığım binanın həyətində qonşumla rastlaşdım. Gözünün altı qapqara, dodaqlar şişkin və qançır. Görkəmi olduqca acınacaqlı idi.
Vay, nə baş verib görəsən?
Arxadan harayladım, dönüb baxdı.
Ay qonşu, bu nə vəziyyət, bu nə hal? Səni kim bu kökə salıb?
Tez yanıma gəldi. Baxdım ki, doluxsunub, himə bənddir ki, ağlasın. Sən demə, kişinin başına qəzavü-qədər gəlibmiş. Belə həssas məqamda susmağı üstün tutdum. Gözlədim ki, əhvalata özü başlasın. O isə, sözə başladı, nə başladı:
"O, gün, gücləndirilmiş son karantin günlərində özümü evdə piss hiss edirdim. Darıxırdım. Həyətə düşüb, təmiz havada bir az var-gəl etmək qərarına gəldim. Elə tini burulub, binanın digər başına yenicə çatmışdım ki, sirena səsi eşitdim və dalağım yüngülcə gizildədi. Hissiyatım məni aldatmırdı.
Tezliklə, üfüqdə polis avtomobili göründü. Evə, dörd divar arasına qayıtmaq istəmirdim. Özümü o yerə qoymadım gəzintimə davam etdim. Fikirləşdim ki, bəlkə polis də özünü görməməzliyə vurar. Lakin, avtomobil ehmal sürətlə dalıma düşməkdəydi. Onlardan birdəfəlik və qəti surətdə can qurtarmaq üçün addımlarımı yeyinlətdim. Bu zaman, avtomobil dayandı və içərisindən biri sıravi, digəri zabit olmaqla iki polis nəfəri düşdü.
Mən onları görər-görməz qaçmağa başladım. Polisər də ərinməyib ardımca götürüldülər. Az qaçdıq, üz qaçdıq, bina, məhlə, düz qaçdıq, dayanmaq-durmaq bilmədik.
Bir qaçhaqov, tutha-tut başladı ki, gəl görəsən. Mən yüyürdüm, onlar yüyürdü. Hüseyn Bolt oldum, onlar Asafa Pauellə döndülər. Ramin Hüseynov oldum, Castin Qetlinə çevrildilər.
Axırda o qədər yoruldum ki, nəfəsim ciyərlərimə sığmadı. Ürəyim dartınıb köksümdən çıxırdı, az qalırdı ağzımdan bayıra tullana.
Gördüm daha dözə bilmirəm. Bunlar da dirəşib, motal milçəyi kimi, əl çəkən deyillər. Döndüm rastıma çıxan bloka və qarşımdakı ilk qapını açıb təpildim içəri. Qapını tələsik bağlayıb, gözcükdən bayıra baxdım. Polislər görünmürdülər. Deyəsən təqibə son vermişdilər.
Birdən, anladım ki, başqa yerdəyəm. Kimin eviydi bilmirdim. Ehmalca geri çevrildim və bayaqdan arxamda dayanıb, kirimişcə məni müşahidə edən bir dəstə uşaq gördüm. Əlimi ağzıma aparıb, onlardan susmağı xahiş etməyə çalışdım. Lakin, onlar işarəni əksinə anladılar. Elə çığır-bağır saldılar ki, gəl görəsən.
Ata, ay haray, tez gəl, evə oğru girib.
Gözümü açıb yumdum ki, cüssəli, qıllı, cantaraq bir kişi başımın üstünü kəsdirib. Əlində də iri pendir qəməsi. Qorxudan bütün bədənim uçunurdu. Gücüm, taqətim tükənmişdi. Bu zaman hər şey sanki öz-özünə baş verdi. Bir də baxdım ki, dizlərim qatlanıb, əyilmişəm və dağ boyda kişinin ayaqlarını qucaqlamışam.”
Qonşu sözünə ara verib öskürdü. Dayanmadan, iti-iti danışdığından boğazı qurumuşdu. Udqundu, nəfəsini tənzimlədi və söhbətini bitirdi:
Həmin gün başıma gələnlər getsin-gəlməsin. Bilirsən, bütün bu əhvalatlardan bir-iki yumruqla, yüngülvari şillə-təpiklə qurtulduğuma görə çox xoşbəxtəm.