Hüseynbala Səlimov
Vladimir Nabokov özünün rus ədəbiyyatı haqqında mühazirələrində yazırdı ki, Fyodr Dostoyevskinin timsalında rus ədəbiyyatı özünün ən böyük dramaturqunu itirib. Həqiqətən də bu böyük yazıçının yaradıcılığını iki sözlə ifadə etmək lazım gəlsə, yalnız bunu demək olar: psixoloji dram, çünki siz Dostoyevskinin əsərlərində təbiət təsvirlərinə və yaxud da buna bənzər şeyə rast gəlməzsiniz.
İllər də belədir, onlar da gərginliyi və yaxud mülayimliyilə yadda qalırılar. Bu səbəbdən də ötməkdə olan ilin YUNESKO tərəfindən Dostoyevski ili adlandırıldığını oxuyanda elə də təəccübənmədik, çünki son illər elə sözün birbaşa mənasında çox gərgin keçir, əlbəttə ki, ilk növbədə başabəla pandemiya ucbatından.
Növbəti il haqqında hələ ki, konkret bir söz deyə bilmərik. Ümid olunurdu ki, gələn il pandemiya ilə vidalaşmaq mümkün olacaq. Amma elə ki, bir il bitir, o birisi başlayır, dərhal, əlüstü koronavirusun yeni ştamı meydana çıxır və onların hamısı bir qayda olaraq, əvvəlkilərlə müqayisədə daha yoluxucu olurlar...
Amma biz həkim yox, siyasi təhlilçilərik. Qarşıdan gələn il də bizi ilk növbədə siyasi baxımdan maraqlandırır. Nə vəd edir yeni il? Əlbəttə ki, biz ilk növbədə Qarabağ prosesində canlanma gözləyirik. Artıq hamı belə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı və indi bütün müstəvilərdə diskussiya olunan Zəngəzur dəhlizinin açılması istiqamətində ilk ciddi addımlar atılmalıdır. Bu notları biz sonuncu dəfə Bresseldəki sammitlər zamanı da duyduq. Olacaqmı? Hər halda ümidliyik və Brüssel sammitlərindən bir az əvvəl keçirilmiş Soçi görüşü də ümidlərimizi artırır – ümid edirik ki, Moskva da sülh sazişinin imzalanmasında və Zəngəzur layihəsinin irəliləməsində maraqlıdır. Həm də Moskvanı Bakıdan narazı sala biləcək səbəblər də yoxdur. Sonuncu Brüssel sammitlərini Bakı bütünlüklə Qarabağ məsələsinə həsr etdi və məlum olduğu kimi, Avropa İttifaqı ilə saziş imzalamadı. Heç sözsüz ki, məsələnin sürətli həlli Kremlin maraqlarında deyil, ən azı ona görə ki, məsələ tamam həll olunsa, Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq və onların bölgədən çıxarılması çağırışları aktuallaşcaq.
Etiraf edək ki, biz sonuncu məsələnin necə çözüləcəyini hələ aydın təsəvvür etmirik. Bəlkə sülhməramlıları bölgədən çıxarmağı Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olması ilə şərtləndirəcək? Dəqiq heç nə deyə bilmərik. Hələ gözləmək lazımdır. Bəlkə "Nə Avropa İttifaqı, nə də Avrasiya Birliyi!” düsturu Moskvanı qane edəcək? Bir daha söyləyirik ki, nəticələrə hələ tələsmək lazım deyil, gözləmək lazım gələcək...
O ki qaldı növbəti ildə yaxın regiondakı, o cümlədən də post-sovet məkanındakı proseslərə, ən çox narahatlıq yaradan Ukrayna – Rusiya münasibətləri olacaq. Bəli, Rusiya yaman qəzəblidir, müharibə istəmədiyini desə də, rus səmasından barıt qoxusu gəlir. Bəli, ruslar iddia edirlər ki, Moskva prosesdə tərəf deyil və Ukraynanın Şərq rayonlarına yalnız siyasi dəstək verir. Biz də buna inanmaq istərdik, di gəl, birincisi, belə deyil, ikincisi də, əgər belədirsə, Moskva on minlərlə qoşunu Ukrayna ilə sərhədlərə niyə yığır?
Xatirimizdədir ki, belə bir vəziyyət Krımın işğalı zamanı da yaranmışdı – o vaxt yazmışdıq ki, Rusiya müharibəyə yerikləyir. Nəticə etibarilə belə də oldu – ruslar Krımı götürdü və böyük müharibə ona görə alınmadı ki, Kiyev ciddi müqavimət göstərmədi və ya göstərə bilmədi...
Burada bir maraqlı detal da yada düşür. Yazını yazıçılardan və ədəbiyyatdan kiçik bir xatırlatma ilə başladıq. Bu yazını yazarkən başqa bir yazıçı da yadımıza düşdü. Bu, Qoqol idi. Bəli, o Qoqol ki, hətta F.Dostoyevski da belə deyirdi: biz hamımız Qoqolun "Şinel”indən çıxmışıq. Amma ki, məni başqa bir sual düşündürür: Görəsən, Qoqol sağ olsaydı, kimin tərəfini tutardı: Moskvanın, yoxsa Kiyevin?..