Qovulan icra nümayəndəsinin yerinə təyinat olub. Axar.az-ın əldə etdiyi xəbərə görə, paytaxtın Balaxanı qəsəbəsinin icra nümayəndəsi Fərhad Qurbanovun yerinə müavini olmuş Bəybala Əliyev gətirilib. Onun kənd camaatı arasında nüfuzlu biri olduğu bildirilir.
Sabunçu rayon icra başçısı Adil Vəliyev icra nümayəndəliyini B.Əliyevə tapşırıb. Əvvəlki icra nümayəndəsindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə olunan şikayət əsasında F.Qurbanov işindən uzaqlaşdırılıb. Ona cinayət işi açılacağı da istisna deyil. Sabiq icra nümayəndəsi vətəndaşa aid torpaq sahəsini başqasına satmaqda ittiham olunur.
Qeyd edək ki, bir neçə ay əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən bir ay müddətinə uzaqlaşdırmışdı. Buna səbəb başçı ilə görüşdə Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu. Lakin fakt təsdiqini tapmadığından icra nümayəndəsi yenidən vəzifəsinə bərpa edilmişdi.
Qaynar.info