
Ötən il təklif olunan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizmin dəyişdirilməsi barədə qanun layihəsi hazırlanıb.
Milli Məclisdən verilən məlumata görə, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi parlamentin 2017-ci ildə yaz sessiyasının iş planına daxil edilib.Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Qaynarinfo.Az xəbər verir ki, Respublikaçı Alternativ Təşkilatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli "facebook" səhifəsində yazdığı açıqlamasında bildirir ki, Azərbaycan Respublikası Konustitusiyasnın 12-ci maddəsi bu cür qanunvericilik təşəbbüslərinin qarşısını öncədən alır.
Erkin Qədirli yazır: "Bu layihə qəbul olunub qüvvəyə minərsə, insan haqları sahəsində beynəlxalq müqavilə qurumalarının (örnəyi, Avropa İnsan Haqları Məhkəməsinin) qərarları yalnız Konstitusiya Məhkəməsinin rəyindən sonra tətbiq oluna biləcək (ya da oluna bilməyəcək - rəydən asılı olacaq).
Bu layihənin siyasi tərəfini qoyuram bir qırağa. Rusiyanın mənfi örnəklərini təkrarladıqları aydındır. İşin hüquqi tərəfi də var axı. Bizim Konstitusiyanın 12-ci maddəsi bu cür qanunvericilik təşəbbüslərinin qarşısını öncədən alır. Həmin maddədə yazılıb:"Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir "".
Erkin Qədirlinin fikrincə, buarada diqqət yetiriləsi önəmli məsələ budur ki, beynəlxalq müqavilələrdə yazılmış insan haqları müddəalarının bizim Konstitusiyaya deyil, Konstitusiyadakı insan haqları müddəalarının beynəlxalq müqavilələrə uyğun tətbiqilə bağlı tələb var bu maddədə:"Bizim Konstitusiya Məhkəməsi əlavə olaraq nəyi yoxlayasıdır? Maddə aydın yazılıb axı. Onu da deyim ki, beynəxlalq müqavilə qurumlarının qərarları beynəlxalq müqavilənin müddəalarını tamamlayır, aydınlaşdırır. Ona görə də onları bir-birindən ayırmaq doğru deyil.
Uzun sözün qısası, beynəlxalq müqavilələr bir qırağa, bu layihə öz Konstitusiyamıza ziddir".
Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə təşkilatın üzvüdür.
Aydın
Qaynarinfo.Az