
"Regional idarələrin mərkəzi təyin edilən yerlər bizi qane etmir". Bu sözləri Qaynar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Regional idarə etmə mərkəzlərinin yaranmasının zəruriliyi haqda danışarkən deyib.
Deputat bildirib ki, prezident tərəfindən iqtisadi islahatlara start verilib: "Müəyyən addımlar atılır, sərəncamlar imzalanır. Əsas prioritet sahələr müəyyən edilib və bununla bağlı fərmanlar imzalanır. İşlər getsə də, islahatların ciddi şəkildə aparılmasına ehtiyac var. Əsas iş də regional idarələrin yaradılmasıdır. Bir müddət öncə təhsil şöbələri birləşdirilərək, regional idarələr yaradıldı. Dünən isə prezident mədəniyyət şöbələrinin birləşdirilərək, regional mədəniyyət idarələrinin yaradılması barədə sərəncam imzaladı. Bu çox müsbət bir addımdır. Həm effektiv işləməyə imkan verir, həm də maliyyə qənaəti cəhətdən əhəmiyyət daşıyır".
Deputatın sözlərinə görə, bu məsələdə də bəzi narahat edici məqamlar da var: "Regional idarələrin mərkəzi təyin edilən yerlər bizi qane etmir. Məsələn, Xaçmaz, Siyəzən, Dəvəçi, Qusar üzrə həmişə mərkəz Quba olub. Quba adıçəkilən rayonlara yaxındır. Ancaq regional mədəniyyət idarəsi Qubada yerləşmək əvəzinə, Xaçmazdadır. Quba mədəniyyət mərkəzidir, tarixi yerdir, 160 min əhalisi olan böyük bir rayondur. Regional mədəniyyət mərkəzi məhz orda yerləşməli idi. Yəni bu cür anlaşılmazlıqlar var. İstərdik bu olmasın və qarşısı alınsın.
Digər nazirliklərin də regional idarələrinin yaradılmasına böyük ehtiyac var. Hətta bir vaxtlar biz deyirdik ki, Azərbaycanda regional quberniyalar, əyalətlər yaradılsın. İdarəetməni təkminləşdirməyə böyük ehtiyac var. Bu problemlər tezliklə həll olunmalıdır".
Qafqaz Rafiqoğlu
Qaynar.info