Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikası Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.Təhsil eksperti Məlahət Mürşüdlü Qaynarinfo.Az-a açıqlamasında imtahanların yekunlarına dair elmi-statistik təhlil aparacaq, o cümlədən, bu istiqamətdə başqa fəaliyyətləri də həyata keçirəcək agentlik yaradılması təklifi ilə çıxış edib. O bildirib ki, Prezident yanında həm Təhsil Nazirliyinin, həm də İmtahan Mərkəzininin fəaliyyətini təhlil edəcək bir qurumun yaradılması zəruridir: "Bu qurum həmçinin ölkədəki ali məktəblərin fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək, müstəqil, yəni nə Təhsil Nazirliyinə, nə də İmtahan Mərkəzinə tabe olmayacaq bir qurum olmalıdır".
Ekspert bildirib ki, əks halda, bu təhlillər subyektiv sayılacaq və narazılığa səbəb olacaq: "Elmi-statistik təhlilləri İmtahan Mərkəzi aparsa, indiyədək olduğu kimi, Təhsil Nazirliyi burada göstərilən iradları qəbul etməyəcək. Təhsil Nazirliyi aparsa, belə çıxacaq ki, nazirlik öz fəaliyyətinə qiymət verir - bu da düzgün sayıla bilməz".
Məlahət Mürşüdlü məktəblərə müşavirlərin təyin edilməsi ilə bağlı başladılan layihəni də şərh edib. Qeyd edək ki, Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Məktəb müşavirləri xidməti” pilot layihəsinə start verib. Məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək. Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq.
"Bildirilir ki, ilkin mərhələdə bu, Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Məsələ burasındadır ki, indiyədək bu işi təhsil şöbələrində müfəttişlər və məktəb metodistlərinin həyata keçirməsi nəzərdə tutulurdu. Burada ən mühüm məqam müşavirlərin həm də psixoloq vəzifəsinin yerinə yetirməsidir. Məsələ burasındadır ki, indiyədək məktəblərdə psixoloq ştatını tutanlar peşəkar deyillər. Onlar çox zaman məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəblərdə psixoloq məsələsi problem olaraq qalır. Məktəblərin çoxu psixolji xidmətlə təmin edilməyib. Onların fəaliyyəti tamam nəzarətdən kənardadır. Bu gün artan "məktəbli intiharları"nın fonunda bu problem daha qabarıq görünür. Ümid etmək olar ki, layihənin həyata keçirilməsi bu sahədə də irəliləyiş yaradacaq" deyə ekspert bildirib.
Qızılgül
Qaynarinfo.Az